Azərbaycanda 40 minə yaxın qadın hamilədir

  Azərbaycanda 40 minə yaxın qadın hamilədir
  14 Aprel 2019    Oxunub:3769
"2019-cu ilin əvvəlindən bu günə qədər 40 minə yaxın hamilə qadın qeydiyyatdan keçib. Bu qadınların 40-45 faizi riskli hamilələrdir"

Bunu Azvision.az -a açıqlamasında Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.
O bildirib ki, bunlar əsasən ürək-damar, böyrək xəstəlikləri olan, qan azlığı-anemiya üstünlük təşkil edən xəstələrdir: "Qeydiyyatda alınan xəstələrin içərisində endokrinoloji çatışmazlıqları da risk qrupu kimi qiymətləndiririk. Doğuşlar içərisində cərrahi doğuşlar 23-27 faiz təşkil edir. Keysəriyyə kəsiyinin artım tendensiyası çapıqlar hesabına, yəni təkrar keysəriyyə kəsikləri hesabınadır. Keysəriyyə kəsirinin sayının artması göstərişlərin genişlənməsi ilə əlaqədardır. Sovet dövründə bu cür doğuşları müəyyən əl üsulları, klassik yardımdan istifadə edərək qəbul edirdik. Amma beynəlxalq aləm hesab edir ki, ilk hamiləlikdə sarğı gəlişi cərrahi əməliyyatla yekunlanmalıdır ki, ana və uşaq sağlam olsun".

S.Məmmədova qeyd edib ki, son illər köməkçi reproduktiv texnologiyalar geniş inkişaf edib. Bunun vasitəsilə uzun illər sonsuz olan qadınlar hamilə qalırlar: "Bu zamanda hamiləliklər cərrahi yolla sonlandırılır. Normal keçən hamiləlik, 9 ay ana bətnində normal inkişaf edən uşaq üçün ilk doğuş az da olsa risk qrupuna daxildir. Bu göstərişlərin hesabına keysəriyyə kəsiklərinin sayı cüzi artıb".



Direktor qeyd edib ki, hamilə qadınların ilkin qeydiyyatında say artıb. "Bu isə medianın bu problemi geniş işıqlandırması hesabınadır. Hər bir yerdə həkimə müraciət, erkən qeydiyyata düşmək məsələsində əhali ayılıb. Erkən müddətdə qeydiyyata düşmək faizi artıb. Bu müsbət haldır. Riskli hamiləliklər Gəncə - Samux bölgəsi, Kürdəmir zonası, Sabirabad-İmişli bölgəsində çoxdur. Bu isə həmin regionların coğrafi baxımdan uzaq olmaq, əhalinin çoxluğu, inanların maarifləndirilməsinin aşağı olması ilə əlaqədardır.

Hamiləliyi normal keçən, qeydiyyatda olan qadınlar doğuş zamanı ölmürlər. Apardığım təhlillər nəticəsində belə rəyə gəlmişəm ki, vaxtlı vaxtında həkim nəzarətində olmayanda və yaxud həkim yanına gedib tam həcmdə müayinədən keçməyən hamilələrdə daha tez-tez problemlər ortaya çıxır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hamilə   Qadın   Doğuş   Həkim  





Xəbər lenti