“Azərbaycanda bütün dinlərə aid ibadət ocaqları qorunur” - Mübariz Qurbanlı

 “Azərbaycanda bütün dinlərə aid ibadət ocaqları qorunur” -    Mübariz Qurbanlı
  25 Aprel 2019    Oxunub:2299
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı aprelin 25-də Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb.
Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, M.Qurbanlı təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Notr-Dam kilsəsində baş vermiş yanğınla bağlı dərin təəssüf hissi keçirdiyini və qədim dini abidənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib. Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin zəngin tarixi olduğunu bildirən Dövlət Komitəsinin sədri əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin Fransaya 1993-cü il tarixindəki səfərinə diqqət çəkib və bu əməkdaşlığın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini qeyd edib.

Ölkələr arasında humanitar yönümlü əlaqələrin də mövcudluğundan danışan M.Qurbanlı 2015-ci ildə Fransaya səfərini və keçirdiyi görüşləri xatırladaraq, səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə keçirilən konfransda bir sıra aktual məsələlərin müzakirə edildiyini söyləyib, eyni zamanda bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən Komitə sədri bildirib ki, Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır. Ölkə ərazisində 33-ü isə qeyri-islam (xristian – 22; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllü olmaqla 925 dini icma dövlət qeydiyyatına alınıb. Əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. M.Qurbanlı diqqətə çatdırıb ki, Azərbaycanda multikultural mühitin inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə cənab Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi respublikanın gerçəkliklərinin genişmiqyaslı ifadəsinin daha intensiv xarakter alması baxımından olduqca əhəmiyyətlidir.

Qonağı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumatlandıran Dövlət Komitəsinin sədri dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparılan mübarizə tədbirləri barədə danışıb. O bildirib ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək dünya üçün təhlükəlidir. Bütün dinlərin insanları daim sülhə, ədalətə, haqqa çağırdığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri son dövrlərdə Yeni Zelandiya və Şri-Lankada baş verən amansız terror aktlarının bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu deyib. Söhbət zamanı Azərbaycan həqiqətlərinə toxunan Dövlət Komitəsinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dini-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını diqqətə çatdırıb.

Fransa hökumətinin dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal Azərbaycanı müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus insanların birgə və sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunə adlandırıb. Qonaq ölkəmizin sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Jan-Kristof Paskal məhz ölkəmizə səfərinin məqsədinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən ikigünlük beynəlxalq konfransda iştirak etmək olduğunu deyib.

Azvision.az



Teqlər: DQİDK   Dini-Abidə  





Xəbər lenti