"Bakı-Tbilisi-Qars Asiya və Avropa arasında vacib bağlantıdır" - İlham Əliyev

 "Bakı-Tbilisi-Qars Asiya və Avropa arasında vacib bağlantıdır" -    İlham Əliyev
  26 Aprel 2019    Oxunub:2296
İlk növbədə, bu Foruma dəvətə görə Prezident Si Cinpinə minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu Azərbaycan ilə Çin arasında dostluğun və tərəfdaşlığın göstəricisi hesab edirik. Bu il Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü qeyd edilir. Bu münasibətlə Prezident Si Cinpini və Çin xalqını təbrik edirəm.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin paytaxtı Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda deyib. Dövlət başçısı bildirib ki, bu illər ərzində Çin Xalq Respublikası bütün sahələrdə tərəqqi və inkişafa nail olub: "Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Azərbaycanın sürətli iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir. Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir".

İlham Əliyev qeyd edib ki, Azərbaycanın çox böyük neft və qaz ehtiyatları var: "Biz neft və qazımızı beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmərləri tikmişik və əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır. Şaxələndirməyə gəldikdə, bizim diqqətimiz əsasən sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya və kommunikasiya texnologiyalarının inkişafına yönəlib. İnfrastruktur layihələri bizim üçün çox önəmlidir və biz müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə etdik. Azərbaycanda qazlaşdırma səviyyəsi 95 faiz təşkil edir, Azərbaycan elektrik enerjisini, neft və qazı ixrac edən ölkədir. Nəqliyyat sahəsinə investisiyaların yatırılması bizim əsas prioritetlərimizdən biridir.

Üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq.

Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir".

Dövlət başçısı həmçinin bildirib ki, infrastrukturun inkişafına, çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir: "Qeyd etdiyim kimi, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunların yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

Nəqliyyat infrastrukturundan danışarkən hava nəqliyyatına qoyulan investisiyaları əlavə etmək istəyirəm. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır".

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti