İnsan alveri qurbanlarına hansı köməklik edilir? - Nazirlik açıqladı

  29 Aprel 2019    Oxunub : 1477
İnsan alveri qurbanlarına hansı köməklik edilir? - Nazirlik açıqladı
2019-cu ilin birinci rübündə insan alveri qurbanları və potensial insan alveri qurbanlarının bir çoxu eyni vaxtda bir neçə növdə yardımla təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Azvision.az -a açıqlamasında bildirib ki, hər bir şəxsə eyni vaxtda həm hüquqi, həm də tibbi yardım edilib. Yaxud elə şəxs olub ki, ona həm hüquqi, həm tibbi, həm də psixoloji yardım göstərilib.

"2019-cu ilin 1-ci rübündə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən il yönləndirilmiş insan alveri qurbanları ilə müvafiq işlər davam etdirilməklə, onlardan daha 2 nəfərin məşğulluğuna, 1 nəfərin peşə hazırlığına cəlb olunmasına kömək göstərilib, 7 nəfərə psixoloji, 5 nəfərə hüquqi yardım edilib.

QHT-lər tərəfindən yönləndirilmiş 7 potensial insan alveri qurbanını (insan alveri qurbanına çevrilmək riski ilə üzləşən insanlar) ehtiyac duyduqları yardımlarla təmin edib. 2 nəfərin məşğulluğuna, 2 nəfərin peşə hazırlığına cəlb olunmasına kömək göstərilib, 7 nəfərə tibbi, 2 nəfərə hüquqi, 5 nəfərə psixoloji yardım edilib".

F.Talıbov qeyd edib ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 124 nəfəri, o cümlədən Mərkəzə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 92 nəfər insan alveri qurbanını və QHT-lər tərəfindən yönləndirilmiş 32 potensial insan alveri qurbanını insan alveri qurbanına çevrilmək riski ilə üzləşən insanlar) ehtiyac duyduqları yardımlarla təmin edib.

"İnsan alveri qurbanlarından bir çoxu eyni vaxtda bir neçə növdə yardımla təmin olunub. Ümumilikdə onlardan 10 nəfərin məşğulluğuna, 13 nəfərin peşə hazırlığına cəlb olunmasına köməklik üçün Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə işlər aparılıb. 1 nəfərin müalicəsi üçün dərman pereparatları alınıb, 1 nəfərin övladı üçün məktəb geyimi və məktəb ləvazimatları alınıb verilib. 18 nəfər insan alveri qurbanı Gəncə şəhərindəki “Təmas” Regional İnkişaf İB-nin sosial sığınacağına, 1 nəfərin övladı uşaq bağçasına yerləşdirilib. Ümumilikdə, 32 nəfər hüquqi, 28 nəfər tibbi, 47 nəfər psixoloji yardımla təmin edilib və s. işlər görülüb".

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN   İnsan-alveri