Nazirlərin iştirakı ilə təqdimat keçirildi

   Nazirlərin iştirakı ilə təqdimat keçirildi
  03 May 2019    Oxunub:2031
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, təqdimat mərasimində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, dövlət və hökümət nümayəndələri, millət vəkilləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dövlət Proqramının qəbul olunması dövlət başçısı tərəfindən qida təhlükəsizliyinə konseptual yanaşmanın və bu istiqamətdə strateji idarəetmənin təzahürüdür.

Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərdiyi qısa müddət ərzində qarşıya qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflərin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin ilk altı ayı ərzində Agentliyin səlahiyyətlərinin icrasına başlamaq üçün bir neçə istiqamətdə hazırlıq və quruculuq tədbirləri həyata keçirilib, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional inkişaf və maddi-texniki bazanın formalaşdırılması, beynəlxalq əməkdaşlığın qurulması, sahibkarların və istehlakçıların yeni sistem haqqında maarifləndirilməsi istiqamətində işlər görülüb.

Əlavə olunub ki, Agentliyə verilən səlahiyyətlərin icrası üçün bir sıra qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib, habelə yeni normativ hüquqi aktlar qəbul olunub. Bu dövr ərzində mövcud qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə 10 Qanun qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 Fərman və 10 Sərəncam imzalanıb, bundan əlavə, Nazirlər Kabineti tərəfindən 17 Qərar qəbul edilib. Eyni zamanda beynəlxalq təcrübəyə uyğun qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınaraq təkmilləşdirilib.

Eyni zamanda Agentliyin maddi-texniki bazasının formalaşdırılması ilə yanaşı, qida təhlükəsizliyi sisteminin vacib komponenti olan laboratoriya infrastrukturu inkişaf etdirilib və qısa müddət ərzində Bakıda və regionlarda müasir tələblərə cavab verən, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində ən mürəkkəb analizləri aparmağa imkan verən 21 laboratoriya qurulub.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” üzrə strateji baxış əhalinin sağlam və təhlükəsiz qida ilə tam təmin edilməsinə və bununla da qida mənşəli xəstəliklərin nəzərəçarpacaq dərəcədə azalmasına nail olmağı nəzərdə tutur:

"Eyni zamanda Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərini gücləndirməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Q. Təhməzlinin sözlərinə görə, sahibkarlarla əməkdaşlıq şəraitində qida təhlükəsizliyi üzrə qanunvericiliyin tələblərinə əməl olunması, ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqi və istehlakçıların hüquqlarının qabaqcıl təcrübələr əsasında təmin edilməsi Dövlət Proqramının əsas məqsədlərindəndir.

Çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, ərzaq təhlükəsizliyi deyəndə təkcə əhalinin ərzaqla təminatı başa düşülməməlidir, burada əsas məsələlərdən biri də onun keyfiyyətidir: "Proqram bu məsələdə nazirliyin üzərinə vəzifələr qoyur. Bundan irəli gələn məsələr nazirlik tərəfindən yerinə yetiriləcək".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə bildirib ki, bu proqramın həyata keçirilməsində dövlət qurumları birgə çalışacaqlar və mövcud boşluqlar aradan qaldırılacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, proqram əhalinin məşğuliyyətinə də mühüm töhfələr verəcək.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə qeyd edib ki, proqram keyfiyyətli məhsul ixracına şərait yaradacaq.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: AQTA   Təqdimat  





Xəbər lenti