Gündüz İsmayılov: “Laçın işğal olunanda 13 yaşım var idi”

     Gündüz İsmayılov:   “Laçın işğal olunanda 13 yaşım var idi”
  03 May 2019    Oxunub:2286
"Dünyada yüzlərlə din, inanc, təriqət, məzhəb olsa da, insanların yaşaya biləcəyi bir planetin olması qaçılmaz həqiqətdir. Yaşamağımız, planeti paylaşmağımız üçün dialoqdan başqa söykənəcəyimiz vasitəçi yoxdur. Bütün dinlərin məqsədi sevgidən keçir".
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək" adlı plenar sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, hüquqla yanaşı, mənəviyyatla işləmək bu gün dünyamızın ən aktual məsələlərdəndir: "İnsanların təkcə təhsili , dünyagörşlər ilə deyil, ürəklərinə də xitab etməliyik. Çünki mənəviyyat ürəklə, könüllə bağlı bir şeydir. Təhsillə yanaşı, həm də zəngin ürək mənəviyat tələb edir".

G.İsmayılov qeyd edib ki, mədəniyyətlərarası dialoqun baş tutması üçün əlverişli mühit lazımdır. "Əlverişli mühit ədalətli yanaşmadan keçir. Ədalət olmayan yerdə dialoq qurmaq çox çətindir. Bu baxımdan təkcə din xadimlərinin deyil, dövlət xadimlərinin, siyasilərin üstünə dialoqun baş tutması üçün böyük məsuliyyət düşür. Bu gün Azərbaycanın 20 faiz torpağı işğal olunub və illərdir davam edir. Mən özüm işğal olunan Laçın rayonundanam. Laçın rayonu işğal olunanda 13 yaşım var idi, hazırda 37 yaşım var. Əgər mən 27 il ərzində doğulduğum torpağa qayıda bilməmişəmsə, demək ədalətsizlik hələ də davam edir. Mən bu problemi həll edə bilməmişəmsə, bizdən sonrakı nəsil də bu problemlə qarşılaşacaq. Biz ədalətsizliyi aradan qaldırmadıqca, dialoqun baş tutması çətin olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Komitə   Din  





Xəbər lenti