“Hacı Zeynalabdin Tağıyev” mükafatı təqdim edildi
Məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu, universitetin sevilən ənənələrindən biridir. Tələbələr seçdikləri mövzu üzrə tədris ili boyunda qrup halında işləyərək layihə formalaşdırır və nəticələr əldə edilməsinə çalışırlar.
Mükafatlandırma mərasimində Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev xüsusi qonaq qismində iştirak edib. O, AZƏRTAC-a müsahibəsində deyib: “Mən çox sevinirəm ki, gənclərimiz belə layihələr həyata keçirməkdə maraqlıdırlar. Hacı Zeynalabdin Tağıyevin adını yaşatdığına, onu gəclər arasında təbliğ etdiyinə görə ADA Universitetinin rəhbərliyinə ailəmiz adından təşəkkürümü bildirirəm”.
On yeddi tələbə layihəsi arasından qaliblər mükafatlandırılıb. Birinci yerə iki layihə - “Çölçü” və “Humanity” layiq görülüb. “Çölçü” tələbə layihəsinin məqsədi Azərbaycan gəncləri arasında təbiət qoynunda keçirilən qədim çöl idman növlərimizə həvəs yaratmaqdır. “Humanity” layihəsi isə tələbələrə davranışlarında və ətrafdakılara münasibətdə humanist dəyərləri üstün tutmağı aşılayır.
Qaliblərin mükafatlarını ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Nazim Abdullayev təqdim ediblər. Hər iki layihəyə görə 1600 manat məbləğində pul mükafatı təqdim olunub.
“Çölçü” layihəsinin konda rəhbəri Qoşqar Qədimbəyli AZƏRTAC-a açıqlamasında bildirib: “Çox sevinirəm ki, komandamızın layihəsi qaliblər sırasındadır. Komandamız adından universitet rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm ki, sosial layihələrimizi təqdim etmək üçün bizə şərait yaradır”.
“Biz il ərzində layihəmizi həyata keçirdik, çalışdıq ki, həm tələbələr, həm də ətrafdakı insanlar arasında humanistliyi təbliğ edək. Layihəmizin qalib olacağına inanırdım, çox sevinirəm. Bütün qalib layihələri təbrik edirəm”. Bu fikirləri isə “Humanity” layihəsinin yaradıcılarından biri olan Səkinə Mixaliyeva deyib.
İkinci yeri “Qida bankı platforması” tutub. Məqsədi imkansız ailələrin ehtiyaclarının ödənilməsi üçün ərzaq toplamaq olan bu layihəyə görə 1500 manat məbləğində mükafatı ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və tələbə və məzun məsələləri üzrə prorektor müavini Gülnur İsmayıl təqdim ediblər.
“Kitabalogiya” layihəsi isə üçüncü yerə layiq görülüb. Layihənin məqsədi ictimai nəqliyyatda kitab oxumaq mədəniyyətinin artırılmasıdır. ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal və Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə 1000 manat məbləğində mükafatı layihəni hazırlayan komandaya təqdim ediblər.
Bu il əvvəlki illərdən fərqli olaraq “Hacı Zeynalabdin Tağıyev” mükafatında xüsusi 4-cü yer ayrılıb. Bu yerə tələbələrin “Pay qutusu” layihəsi layiq görülüb. Layihəni hazırlayan komandanın üzvlərinə Hacı Zeynalabdin Tağıyevin nəvəsi Nazim Abdullayev xüsusi hədiyyə təqdim edib.
Azvision.az
Teqlər: