26 yaşayış kompleksinin istismarına icazə verilib
Bildirib ki, həyata keçirilən məqsədyönlü iqtisadi və sosial islahatlar, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin əvvəlindən imzalanmış Fərman və Sərəncamlar insanların sosial rifah halının yaxşılaşdırılması, müxtəlif sahələrdə işin səmərəliliyinin artırılması və şəffaflığın təmin olunması, ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə hökumətin reallaşdırdığı dövlət siyasətinin mərkəzində ilk növbədə Azərbaycan vətəndaşı və onun yüksək həyat keyfiyyətinin təmin olunması məsələsi durur.
Diqqətə çatdırılıb ki, iqtisadiyyatımızın əsas sahələrindən olan şəhərsalma və tikinti sektorunda da aparılan islahatlar bu məqsədə, o cümlədən əhalinin mənzil-məişət şəraitinin yaxşılaşmasına, sahibkarlığın inkişafına xidmət edir. Ölkədə şəhərsalma proseslərinin planlı və sistemli təşkili məsələlərinə xüsusi diqqət ayıran dövlət başçısının son müddət ərzində qəbul etdiyi qərarlar, verilmiş tapşırıqlar və onların icrası bunun əyani göstəricisidir.
S.Nuriyev vurğulayıb ki, ötən ilin son günlərində şəhərsalma proseslərinin tənzimlənməsi ilə bağlı qəbul olunmuş belə islahedici qərarlardan biri ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli Fərmanıdır. Fərmanın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddət ərzində Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron müraciət sistemi hazırlanıb. Bu elektron sistem geniş ictimaiyyətə və iş adamlarına təqdim olunaraq 2019-cu ilin fevralın 21-də istifadəyə verilib.
Qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi şəhərsalma qanunvericiliyi ilə ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikililər və anbarların tikintisinə və istismarına icazələrin alınması prosesinin əlavə vaxt itirilmədən, sürətli, rahat və şəffaf formada icrasına şərait yaradıb. Nəticədə məmur-sahibkar ünsiyyəti minimuma endirilib, iş adamlarının vaxtına və xərclərinə əhəmiyyətli şəkildə qənaət etmək imkanı təmin edilib. Artıq bugünədək elektron müraciət sistemi vasitəsilə 10-larla tikinti obyektinin sifarişçisinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.
Bildirilib ki, ölkə başçısının qeyd olunan Fərmanını tam şəkildə icra etmək məqsədilə komitə tərəfindən işlər davam etdirilir. Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur. Ötən müddət ərzində komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilib, habelə mərhələli şəkildə respublikanın rayonlarının baş memarları ilə görüşlər təşkil olunub.
Qeyd edilib ki, maarifləndirmə və təlimatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, yaxın gələcəkdə bu elektron portal vasitəsilə, həmçinin ekspertizası tələb olanan obyeklərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin bu il qəbul etdiyi daha bir mühüm qərar 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanıdır. Ölkə başçısının bu inqilabi Fərmanı Azərbaycanda humanizm prinsiplərinə əsaslanan sosialyönümlü dövlət siyasətinin daha bir təzahürüdür.
S.Nuriyev bildirib ki, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, dövlət başçısının imzaladığı bu inqilabi Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib.
Qeyd olunub ki, ötən müddət ərzində Fərmanın icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş 26 müsbət rəy əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 26 yaşayış binası kompleksinin istismarına icazələr verilib. Bu da, Fərmanın icrasının hazırkı mərhələsində ümumilikdə 5 min 600-dən çox ailənin illər ərzində həlli mümkün olmayan probleminin artıq həll olunması deməkdir. Verilmiş icazələr barədə aidiyyəti dövlət qurumları dərhal məlumatlandırılır, komitənin internet portalında müvafiq məlumatlar yerləşdirilir, ictimaiyyət məlumatlandırılır.
Komitə sədri çıxışında, həmçinin ərazi planlaşdırılması sənədlərinin hazırlanması istiqamətində fəaliyyətə və Bakı şəhərinin Baş planının hazırlanması məsələsinə də toxunub. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib.
S.Nuriyev xatırladıb ki, bu prosesin birinci mərhələsində əməkdaşlığa cəlb olunmuş nüfuzlu beynəlxalq məsləhətçi – “Boston Consulting Group” şirkətinin dəstəyi ilə Bakı şəhərinin inkişaf konsepsiyası hazırlanıb, habelə aparılmış hərtərəfli təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilib. Bakının Baş planının hazırlanması işinin artıq başlanılmış ikinci mərhələsində komitə “Boston Consulting Group” və “AS+P” şirkətlərinin iştirakı ilə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, eləcə də, əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparacaq.
Bildirilib ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.
Nəzərə çatdırılıb ki, komitə tərəfindən əvvəlki illərdə hazırlanmış Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı və Tovuz şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən 2019-cu ilin ilk rübündə təsdiqlənib. Hazırda Quba şəhərinin Baş planı layihəsi Nazirlər Kabinetinə təsdiq üçün təqdim edilib, Biləsuvar şəhərinin baş planının yekun layihəsinin aidiyyatı təşkilatlarla razılaşdırılması başa çatdırılıb. Eyni zamanda, komitənin sifarişi əsasında 2018-ci ilin sonunda hazırlanmasına başlanılmış daha 6 şəhərin – Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmirin baş planları layihələrinin işlənməsi prosesi davam etdirilməkdədir.
Komitə sədri “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli Fərmanına əsasən, şəhərsalmanın planlaşdırılması və tikintinin layihələndirilməsi sahəsində görülmüş işlərin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, son zamanlar tikinti sifarişçiləri ilə aparılan sıx əməkdaşlıq və maarifləndirmə işi nəticəsində hazırlanan və baxılması üçün komitəyə təqdim olunan yeni layihələrin keyfiyyətində, onların şəhərsalma qanunvericiliyinin tələblərinə və müvafiq normalara cavab verməsi baxımından müsbət dinamika müşahidə olunur. Ümumiyyətlə isə son müddət ərzində komitə tərəfindən respublika üzrə 176 şəhərsalma əsaslandırılması təsdiq olunub, bunlardan 89-u Bakı şəhərinin ərazisində reallaşdırılacaq layihələri əhatə edir.
S.Nuriyev, həmçinin qeyd edib ki, bu gün komitədə gənclərin mənəvi inkişafı və mütəxəssis kimi formalaşması istiqamətində də işlər aparılır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəal tələbələri ilə görüşlər keçirilir, onların komitənin fəaliyyət sahəsinə aid mövzularda maarifləndirilməsi, məşğulluq strategiyasına uyğun olaraq sosial fəallığının artırılması və təhsil aldıqları ixtisaslara uyğun olaraq müvafiq vakansiyalar üzrə dövlət qulluğuna cəlb olunmaları üçün şərait yaradılır. Həmçinin tikinti və şəhərsalma sektorunda maraqlı olan gənclərimiz Azərbaycan Respublikasının “Könüllülük fəaliyyəti haqqında” Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə cəlb edilməklə müxtəlif layihələrdə ictimai işlərə yönəldilir, onların komitədə vətəndaşlara xidmət vərdişlərinə, iş təcrübəsinə yiyələnmələri təmin olunur.
Daha sonra komitənin sədr müavini Dövlətxan Dövlətxanov, beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud və dövlət şəhərsalma kadastrı şöbəsinin müdiri Rəşad İsmayılovun 2019-ci ilin birinci rübündə aidiyyəti sahələr üzrə fəaliyyətə dair hesabat məruzələri ilə çıxış ediblər.
İclas çərçivəsində, komitənin kollegiyası tərəfindən ötən illər ərzində təsdiq olunmuş bir sıra layihələndirmə və tikinti normalarında Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar zəruri dəyişikliyin edilməsi barədə qərar qəbul olunub.
Azvision.az
Teqlər: