Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib - FOTOLAR

   Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib -    FOTOLAR
  06 May 2019    Oxunub:5628
Mayın 6-da müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə nazirliyin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və məktəblilər iştirak ediblər.



Nazir, general-polkovnik Zakir Həsənovun adından görüş iştirakçılarını salamlayan K.Vəliyev tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb. Nazir müavini veteranlarımızın bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəmədiklərini yüksək qiymətləndirib. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.



Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçiliyə, Ali Baş Komandana həmişə sadiq olan müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən, Böyük Vətən müharibəsində tarixi Qələbənin 74-cü ildönümü ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərdən danışıblar.



Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova, İsmayıl Fərəcov, Damət Nəbiyev, Ulduz Kəngərli çıxış edərək göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızın azad olunacağına və Azərbaycan Ordusunun parlaq qələbəsinə qəti inamlarını ifadə ediblər.

Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna mükafatlar təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.





Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti