Azərbaycanla Türkmənistanın gömrük əlaqələri genişlənir

  06 May 2019    Oxunub : 632
Azərbaycanla Türkmənistanın gömrük əlaqələri genişlənir
Azərbaycan və Türkmənistan gömrük xidmətləri arasında əlaqələrin perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, mayın 6-da DGK-da ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Tanışlıq xarakteri daşıyan səfər BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan Konteyner Daşımalarına Nəzarət Proqramı çərçivəsində təşkil edilib. Nümayəndə heyətinə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi Mərkəzi Asiya Regional Ofisinin nümayəndələri də daxildir.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində önəmini vurğulayıb.

Azərbaycan və Türkmənistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edən komitə sədrinin müavini hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyib. Ə.Abdullayev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edib, gömrük sahəsində aparılan islahatlar barədə məlumat verib. Qeyd edib ki, tətbiq edilən yeniliklər ölkənin ixrac potensialını inkişaf etdirmək, gömrük prosedurlarını sadələşdirmək, şəffaflığı təmin etməklə yanaşı, beynəlxalq ticarətin də asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

DGK sədrinin müavini diqqətə çatdırıb ki, müxtəlif sahələrdə inkişaf edən Azərbaycan-Türkmənistan əlaqələrinin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Gömrük sferasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən Ə.Abdullayev bununla belə, iki ölkənin gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin, xüsusilə məlumat mübadiləsinin gücləndirilməsinin zəruriliyini bildirib.

Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini D.Bayruyev iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini, Türkmənistanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin genişlənməsi, xüsusilə gömrük sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra qonaqlar Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub, eyni zamanda, Əməliyyat-İstintaq Baş İdarəsində görüş keçiriblər. Nümayəndə heyətinin səfəri mayın 9-dək davam edəcək.

Səfər müddətində qonaqlar Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Astara gömrük postu və ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində də görüşlər keçirəcək, həmin qurumların fəaliyyəti ilə tanış olacaqlar.

Azvision.az

Teqlər: DGK   Türkmənistan