Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışı olub - Yenilənib (FOTOLAR)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub.
Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi ilə görüşdülər.
Xəstəxananın kollektivini təbrik edən Prezident İlham Əliyev dedi:
- Əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir. Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir. Əminəm ki, siz bunu təmin edəcəksiniz. Mənə verilən məlumata görə, burada həkimlər, tibb heyəti üçün 70-dən çox iş yeri yaradılıb. Yəni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.
Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhalisi o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır.
Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Tibb işçiləri: Təşəkkür edirik. Çox sağ olun. Sonda xatirə şəkli çəkdirildi.
Azvision.az
Teqlər: İlham-Əliyev