Gömrükdən süni yoxlamalarla bağlı iddialara cavab - VİDEO

Gömrükdən süni yoxlamalarla bağlı iddialara cavab -    VİDEO
  07 May 2019    Oxunub:1962
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və qurumlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar yayımlanmaqdadır.
Komitədən Azvision.az -a verilən məlumata görə, həmin məlumatlarda İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük postunda, guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi, gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia edilir.

Hər cümləsi müəllif və yayımçılar üçün qanun qarşısında məsuliyyət yaradacaq yazıda, hətta Astara gömrük postunda vətəndaşlara "işgəncə" verildiyi iddia olunur.

İlk növbədə, qeyd edək ki, Dövlət Gömrük Komitəsi gömrük nəzarət vasitələri ilə təminat baxımından hətta Avropanın bəzi inkişaf etmiş ölkələrini belə geridə qoyur. Gömrük nəzarəti zonasına daxil olan şəxslərin əl yükləri və nəqliyyat vasitələri ilk növbədə həmin avadanlıqlar vasitəsilə yoxlanılır və zərurət yarandıqda fiziki baxışa yönləndirilir ki, bu da qanunvericiliyə görə gömrük orqanları və əməkdaşlarının müstəsna hüququdur.

Astara gömrük postunda baş verən sıxlıqlara gəlincə, bu hal həftənin bəzi günlərinin müəyyən saatlarında baş verir. Nisbi xarakterli bu sıxlıqlar vətəndaşların sərhədi günün eyni saatlarında keçmək istəyindən irəli gəlir ki, Komitənin rəhbərliyi və aidiyyəti qurumları dəfələrlə bu barədə maarifləndirici açıqlamalar verərək ictimaiyyəti məlumatlandırıblar.



Astara gömrük postunda nisbi yubanmaların əsas səbəbi isə sərhədi keçən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq malları gömrük sərhədindən keçirməyə çalışmasıdır. Bu da əlavə yoxlamalara, gömrük nəzarəti müddətinin artmasına, sadəcə vətəndaşlar üçün deyil, gömrük orqanları üçün də əlavə vaxt itkisinə və əmək sərfinə səbəb olur.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılığın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Ölkəmizin Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşdiyini və narkotiklərin əsasən cənub sərhədlərimizdən gömrük ərazisinə daxil olduğunu nəzərə alsaq, gömrük nəzarəti tədbirlərinin də gücləndirilməsinin vacibliyini aydın başa düşmək mümkündür.

Onu da qeyd edək ki, son bir ayda Astara gömrük postunun əməkdaşları tərəfindən 25 fakt üzrə 6 kq-dan artıq narkotik vasitə, psixotrop və güclü təsiredici maddə aşkar edilərək dövriyyədən çıxarılıb. Bu da qeyri-peşəkarcasına və ya kimlərinsə sifarişi əsasında böhtan xarakterli məlumatlar hazırlamaq və yayımlamaqdan daha vacib və önəmli fəaliyyətdir.

Dövlət Gömrük Komitəsinin sədri mütəmadi olaraq gömrük-sərhəd buraxılış məntəqələrinə səfər edərək vəziyyəti yerində araşdırır, gömrük nəzarətinin səmərəli şəkildə təşkili, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, infrastrukturun yenidən qurulması, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində müvafiq göstərişlərini verir və bu barədə Komitənin rəsmi internet səhifəsi ilə yanaşı, kütləvi informasiya vasitələrində də kifayət qədər məlumat yayımlanır.

Gömrük sahəsində islahatların icra vəziyyəti ilə bağlı iddialara gəlincə isə Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübə artıq Avropda öyrənilir.

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri Komitənin fəaliyyəti ilə bağlı məlumatları hazırlayarkən ölkə qanunlarına əməl etməyə çağırır.

Təqdim etdiyimiz videolardan da vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq məhsulları ölkə ərazisinə gətirdiklərini və bunun gömrük nəzarətinin müddətinin uzanmasına təsirini aydın görmək olar.

Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti