Ədliyyə orqanlarında Heydər Əliyevin xatirəsi anılıb

Ədliyyə orqanlarında Heydər Əliyevin xatirəsi anılıb
  08 May 2019    Oxunub:1541
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müasir tariximizdə danılmaz rolu olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil edilib, o cümlədən ədliyyə fəaliyyətinə cəlb olunmuş böyük bir qrup gənc könüllülərlə nazirliyin rəhbərliyinin görüşü keçirilib, ədliyyə işçiləri qanvermə aksiyasına qoşularaq fəallıq nümayiş etdiriblər. Eyni zamanda, nazirlikdə Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, kinozalda Ümummilli Liderə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.

Mayın 7-də Ədliyyə Nazirliyində Ulu Öndərin doğum gününə həsr olunmuş geniş yığıncaq keçirilib. Əvvəlcə əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi yad edilib.

Tədbirdə Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, dövlətçilik irsindən ətraflı söhbət açılıb, Ümummilli Liderin zəngin fəaliyyətinə həsr olunmuş xüsusi film nümayiş etdirilib.

Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən ulu öndər Heydər Əliyevin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, ədliyyə və məhkəmə sisteminə qayğısından danışıb, Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli davamlı tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib.

Dahi öndərin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 15 illiyi qeyd olunan Heydər Əliyev Fondunun səmərəli xidmətləri, çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti vurğulanıb.

Yığıncaqda Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğu, ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı qeyd edilib, ədliyyə işçilərinin Ulu Öndərin dövlətçilik prinsiplərinə sadiq qalacaqları, respublikamızın inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində Azərbaycan Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəkləri bildirilib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti