YAP rəsmisi: “Bunun bir adı var: milli satqınlıq...”

  14 May 2019    Oxunub : 911
 YAP rəsmisi: “Bunun bir adı var: milli satqınlıq...”
"Xaricdəki bəlli dairələr məqsədlərinə çatmaq üçün müxtəlif çirkin medotlardan, o cümlədən xaricdə yaşayan bəzi mühacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq praktika göstərir ki, onların səyləri əbəsdir"
Azvision.az xəbər verir ki, bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat hesab edir ki, xaricdən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının kökündə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkəmizi iştirakçısı olduğu mühüm beynəlxalq layihələrdən təcrid etmək, ən əsası isə qazanılan uğurlara kölgə salmaq dayanır:

"Ölkəmizin qazandığı nüfuz xaricdəki bəzi siyasi və iqtisadi dairələri narahat edir. Onlar Azərbaycanı bəzi müsəlman ölkələri kimi daxili konfliktlərdən əziyyət çəkən, öz təbii sərvətlərinə nəzarətdən kənarda qalan, inkişafın hər hansı formasından məhrum olan ölkə kimi görmək istəyirlər. Bu baş vermədikdə isə onu dünyada mənfi imicdə tanıtmağa cəhd edirlər".

YAP rəsmisi qeyd edib ki, növbəti anti-Azərbaycan kampaniyasının heç bir nəticəsi ola bilməz. Onun sözlərinə görə, antiazərbaycançı qüvvələrə dəstək verən daxildəki qruplar üçün əsas Azərbaycanın deyil, tapşırıq aldıqları dairələrin maraqlarıdır.

"Onlar fəaliyyətlərində tapşırıq aldıqları dairələrin dəstəyini qazanmağı əsas götürürlər. Radikal qruplar maddi və siyasi dəstəyi ordan alırlar və mövcudluqları xaricdəki həmin mərkəzlərin dəstəyi ilə bağlıdır. Bunun isə bir adı var: milli satqınçılıq və öz xalqına və dövlətinə qarşı “səlib yürüşündə” ön sıralarda getmək. Və bu fəaliyyətin demokratiya, siyasət və müxalifətçiliklə heç bir əlaqəsi yoxdur".

Azvision.az

Teqlər: Aydın-Mirzəzadə   Deputat   YAP