“Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır” - Prezident

   “Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır” -    Prezident
  29 May 2019    Oxunub:2254
"Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək"

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə 30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir. İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.

"Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri əlbəttə ki, təqdirəlayiq bir haldır".

Prezident İlham Əliyev vurğulayıb ki, 1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi: "Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək".

Ölkə başçısı bildirib ki, müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı.

"Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.

Onu da bildirməliyəm ki, sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt “Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir".

Dövlət başçısı diqqətə çatdırıb ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır.

"Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.

Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır.

“Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır".

Prezident deyib ki, Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var.

"Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır.

Biz bu layihələri əlbəttə ki, o cümlədən xarici maliyyə resurslarının hesabına icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından kredit şəklində vəsait aldıq. Bu münasibətlə bu qurumların Azərbaycana dəstəyi haqqında danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı – dünyanın bu aparıcı maliyyə qurumları Cənub Qaz Dəhlizinin reallaşmasına öz maliyyə vəsaitini ayırıb və beləliklə, layihənin icrası üçün çox önəmli dəstək vermiş olublar. Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın uğurlu gələcəyinə inamın təzahürüdür.

Biz bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq aparırıq. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul edilmişdir. Bizim təşəbbüsümüzlə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı keçirilmişdir. Bu toplantılarda həm görülmüş işlərə yekun vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır. Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır".

Ölkə başçısının fikrincə, sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır.

"Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir.

Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni, bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır.

Mən bu gün Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.

Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Sərgi  





Xəbər lenti