Ucarda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir

Ucarda kənd təsərrüfatı texnikası yarmarkası keçirilir
  30 May 2019    Oxunub:2528
Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi texnika yarmarkaları silsiləsindən növbəti yarmarka Ucarda baş tutub.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, yarmarka Ucar rayonunun fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır.

Texnika yarmarkalarında 20-dən artıq təchizatçı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsul və xidmətlərini təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər.

“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib. O, həmçinin bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək.

Növbəti belə yarmarka Quba rayonunda - 8-9 iyun tarixlərində keçiriləcək.

Xatırladaq ki, 20 may -15 iyun 2019-cu il tarixlərində ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılan kənd təsərrüfatı texnikası yarmarkalarını AKİA təşkil edir.













Azvision.az



Teqlər: Ucar   KəndTəsərrüfatı  





Xəbər lenti