Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb

Şəkidə “KOB Dostu” fəaliyyətə başlayıb
  30 May 2019    Oxunub:1484
Mayın 30-da Şəki şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") fəaliyyətə başlayıb. Bununla da Şəki-Zaqatala iqtisadi rayonu üzrə Qəbələ və Şəki şəhərlərində olmaqla KOB dostlarının sayı 2-yə çatıb.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar Şəkidəki Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının və Şəki-Zaqatala iqtisadi rayonu üzrə fəaliyyət göstərən sahibkarların iştirak edib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı, Şəki-Zaqatala iqtisadi rayonunda, xüsusilə Şəki şəhərində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə danışıb, "KOB Dostu" mexanizminin sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara böyük dəstək olacağını bildirib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxışında agentliyin fəaliyyəti və "KOB Dostu" mexanizmi barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" strateji xəttinə uyğun olaraq "KOB Dostu" mexanizminin dövlət-sahibkar əməkdaşlıq platforması əsasında formalaşan mühüm layihələrdən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, "KOB Dostu" fəaliyyət göstərdiyi şəhər və rayonlarda mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılmasına, yeni KOB subyektlərinin yaradılması və inkişafına, eləcə də KOB-ların hüquqlarının müdafiəsinə dəstək göstərir. Şəki şəhəri də daxil olmaqla hazırda Şəki-Zaqatala iqtisadi rayonunda iki "KOB Dostu" fəaliyyət göstərir. İqtisadi regionun digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin təşkili nəzərdə tutulur. Ümumilikdə isə KOB dostları ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərir.

Sonra "KOB Dostu" ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və sahibkarlara göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları, həmçinin Şəkidəki Heydər Əliyev Mərkəzində "KOB Dostu" ofisi ilə tanış olublar. Ofisdə sahibkarlara agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada "KOB Dostu" ilə birgə "KOB könüllüləri" də fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: Şəki   KOB-Dostu  





Xəbər lenti