Polşa Prezidentinin şərəfinə ziyafət verilib - Yenilənib

 Polşa Prezidentinin şərəfinə ziyafət verilib -  Yenilənib
  01 İyun 2019    Oxunub:3469
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.
Azvision.az xəbər verir ki, rəsmi ziyafətdə çıxış edən Prezident İlham Əliyev Polşa Prezidentini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda bir daha salamladı. “Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir”, - deyən dövlətimizin başçısı özünün Polşaya rəsmi səfərlərini xoş təəssüratlarla xatırladığını vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək dedi:

-Bu gün biz ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, səfəriniz zamanı apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Xalqlarımız arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan Prezident İlham Əliyev vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını bildirdi. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən dövlətimizin başçısı bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini vurğulayaraq bildirdi:

-Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır.

Prezident İlham Əliyev bildirdi ki, regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarıdır. Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirdi.



Sonra Polşa Prezidenti Andjey Duda çıxış edərək deyib:

-Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar, əziz dostlar.

Dəvət üçün təşəkkür edirəm. Bugünkü görüşümüz ölkələrimiz və xalqlarımız arasındakı yaxşı münasibətlərin ən bariz təsdiqidir. Baxmayaraq ki, Bakı və Varşavanı 3000 kilometrdən çox məsafə ayırır, amma paytaxtınız hər bir polşalı üçün yaxın bir şəhərdir.

Polşalı Stefan Jeromskinin “Erkən bahar” əsərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayan Polşa Prezidenti Andjey Duda Polşa memarlarının xatirəsinə lövhə açılması, xüsusi poçt markasının buraxılması və Bakının mərkəzi küçələrindən birinin “Polşa memarları” adlandırılmasını onların xatirəsinin yüksək səviyyədə anılması kimi dəyərləndirdi və buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

-Əlaqələrimizin əsasında hər iki xalqı birləşdirən gözəl bir keçmiş var. İndiki zamana gəlincə isə, deyə bilərəm ki, əlaqələrin gələcəyinə əminəm. Müasir Azərbaycan Polşa tərəfindən regionda iqtisadi lider və Asiya ilə Avropanı birləşdirən körpünün qurulmasında əsas rol oynayan ölkə kimi qəbul edilir.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan Polşa Prezidenti qeyd etdi ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı platformadır. Andjey Duda bir daha əminliklə bəyan etdi ki, Polşa hər zaman ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunan suveren Azərbaycanın tərəfində olacaq.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Polşa  





Xəbər lenti