Su, qaz və işıqla bağlı yeni tələblər təsdiqləndi

 Su, qaz və işıqla bağlı yeni tələblər təsdiqləndi
  01 İyun 2019    Oxunub:2390
Elektrik enerjisi, qaz və su təchizatı üzrə məlumatların təchizat müəssisələrin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi qaydaları təsdiq olunub.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarı ilə “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib. Qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.

Təchizat müəssisələri tərəfindən məlumatların internet saytlarına yerləşdirilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

• istifadə rahatlığı – məlumatların internet saytlarında aydın şəkildə və oxunaqlı vəziyyətdə yerləşdirilməsi, sahibkarlar tərəfindən əlavə əməliyyat və ödəniş aparılmadan əldə edilməsi;

•operativlik – məlumatların internet saytlarına yerləşdirilməsinin və yenilənməsinin qısa müddətdə həyata keçirilməsi;

• səmərəlilik – sahibkarların vaxt itkisinin azaldılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

• şəffaflıq – kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumatların sahibkarlara təqdim edilməsi.

Təchizat müəssisələrinin internet saytlarına hər bir şəhər və rayon inzibati ərazi vahidi üzrə aşağıdakı məlumatlar yerləşdirilir:

• elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri;

• elektrik enerjisi, qaz və su təchizatı sistemlərində mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən aşağıdakı məlumatlar: transformatorların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti və göstəriciləri (gərginliyi, gücü və yüklənməsi, o cümlədən pik saatlarda yüklənməsi); nasos stansiyalarının və anbarların təyinatı, sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, həmçinin nasos stansiyalarının qidalandığı mənbə və məhsuldarlığı, anbarların həcmi; qazpaylayıcı stansiyaların sayı, ünvanları, xidmət göstərdiyi ərazi, istismara verildiyi tarix, texniki vəziyyəti, yüklənməsi, qəbul edilən qazın həcmi; abonent sayı (əhali və qeyri-əhali); təchizat müəssisələrinin zəruri hesab etdiyi digər məlumatlar.

Məlumatlar təchizat müəssisələrinin internet saytlarına Azərbaycan Respublikasının elektron xəritəsinin üzərində cədvəl formasında yerləşdirilir. İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 iş günü müddətində həyata keçirilir. Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi tərəfindən monitorinqlər aparılır.

Azvision.az


Teqlər: Elektrikenerjisi   Qaz   Su  





Xəbər lenti