Nazir sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Nazir sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb
  01 İyun 2019    Oxunub:2446
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsində yaşayan uşaqlarla və Paralimpiya İdman Kompleksində yarışlara hazırlaşan uşaq paralimpiyaçılarla görüşüb.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində (Abşeron rayonu, Saray qəsəbəsi) S.Babayev buradakı uşaqlarla görüşüb, müəssisədə uşaqların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.

Müəssisənin sosial xidmət işçiləri ilə görüşündə nazir vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Bu kateqoriyalardan olan uşaqlara dövlətin qayğısı ildən-ilə artır. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub.

S.Babayev qeyd edib ki, həmçinin son illərdə dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu ildən etibarən nazirliyin ölkəmizin regionlarında da uşaq bərpa mərkəzləri şəbəkəsinin yaradılmasına başlanacaq. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində (hər iki müəssisədə hazırda 344 uşaq tam dövlət təminatında yaşayır) də uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Nazir hazırda 170-dək uşağın yaşadığı müəssisədə sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərini nəzərdən keçirib.

Burada 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları (aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və s. terapiya növləri) və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır. Həmçinin uşaqlar muncuqlarla, plastilinlə və s. müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. “Uşaq inkişaf mərkəzi” adlanan xüsusi bir bölmədə isə uşaqların dərk etmə, motor, sosial və emosional bacarıqları inkişaf etdirilir.

Müəssisədəki idman zalında uşaqlar arasında stolüstü oyunlar üzrə yarışları nəzərdən keçirən nazir müəssisənin sakini, Xüsusi Yay Olimpiya Oyunlarında və müxtəlif yarışlarda stolüstü tennis üzrə bacarığı ilə fərqlənərək bir çox medallar qazanmış Həbib Tağıyevlə görüşüb. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqların hazırladığı konsert proqramına da baxış olub.

Paralimpiya İdman Kompleksinə (Sumqayıt şəhəri) gələn nazir burada məşq prosesində olan uşaq paralimpiyaçılarla görüşüb.

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkil edilməsinə, habelə onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılmasına nazirlik tərəfindən mütəmadi dəstək göstərilir. Nazirliyin hər il təsdiqlənən müvafiq Proqramında bu məqsədlə ayrıca fəaliyyət istiqaməti əksini tapır.

Paralimpiya İdman Kompleksində paralimpiyaçıların yarışlara hazırlıq prosesi ilə tanış olan S.Babayev burada idmançılarla və bocciaçılarla görüşüb.

Azvision.az


Teqlər:





Xəbər lenti