“Plastik tullantılar kəndə “miras” qoyulmamalıdır” - Muxtar Babayev

  04 İyun 2019    Oxunub : 1066
 “Plastik tullantılar kəndə “miras” qoyulmamalıdır” - Muxtar Babayev
"Müasir dünya iqtisadiyyatında olduqca əhəmiyyətli bir mövqeyə sahib olan turizmin ölçüləri getdikcə daha da artmaqdadır. Turizm sektorunda edilən hər cür sərmayə iqtisadiyyatda bir hərəkətlilik, canlılıq meydana gətirir və ölkə iqtisadiyyatına müxtəlif şəkillərdə təsir edir".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "Şəhərdən kəndə" layihəsinin təqdimatında deyib. Nazir bildirib ki, zəngin bioloji müxtəliflik komponentlərinə malik olan milli parklarda 100-dən artıq turist marşrutu yaradılıb, onlar müvafiq infrastrukturla təmin edilib.

"Azyaşlı ziyarətçilər üçün onların maraq dairələrinə uyğun olaraq uşaq guşələri fəaliyyət göstərir. Turistlərin müşayiət olunması və məlumatlandırılması üçün milli park ərazilərində bələdçilərimiz çalışırlar. Bu gün hər bir milli parkda ətraf kəndlər üzrə turistik baza məlumatları mövcuddur. Gələn qonaqlara kəndlərin tarixi, xüsusiyyətləri, istər yerli, istərsə də xarici turistlərin maraq dairəsinə aid imkanları, qonaq evlərinin siyahısı verilir və kəndlərin qastronomik imkanları təbliğ edilir".

M.Babayev qeyd edib ki, layihə təbiət ərazilərinin, xüsusən milli parkların iştirakını və sinerjili fəaliyyətini zəruri edir. "Bununla belə layihənin icrası zamanı xüsusi diqqət yetirilməli məqam şəhərdən kəndə, həmçinin təbiət ərazilərinə insan marağını təmin etməklə bərabər baş verə biləcək neqativ – antropogen təsirləri minimuma endirməkdən ibarətdir. Kənd mühiti, kənd təbiəti özündə saflığı təcəssüm etdirir. Buraya gələn insanlar geriyə - şəhərə qayıdanda özləri ilə müsbət enerji və onların daşıyıcısı olan məhsulları aparırlar. Heç bir halda təbiətə neqativ təsir edilməməli və geridə plastik mənşəli tullantılar kəndə “miras” qoyulmamalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Muxtar-Babayev   Turizm