“Bir dəfə iflas olunanlar heç vaxt bəraət qazanmırlar” - Əli Əhmədov

  04 İyun 2019    Oxunub : 1117
 “Bir dəfə iflas olunanlar heç vaxt bəraət qazanmırlar” - Əli Əhmədov
26 il bundan əvvəl, 1993-cü ilin iyun ayının 4-də AXC-Müsavat hakimiyyətinə qarşı xalq qiyamı baş verdi. Cəmi 13 ay hakimiyyətdə duruş gətirənlər xalqın təpkisi ilə istefa verməyə məcbur oldu. Təzəcə bərpa olunmuş dövlət müstəqilliyinin üzərindəki başlıca təhlükə - qeyri-demokratik və yarıtmaz hakimiyyət aradan qalxdı.
Azvision.az -ın məlumatına görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində AXC-Müsavat cütlüyü hakimiyyətinin yaratdığı xaos, anarxiya, dərəbəylik, ölkəni parçalayan separatizm ləğv edildi, iqtisadi tənəzzül və total böhran cilovlandı, ölkədə insanların həsrətlə gözlədiyi sabitlik və əminamanlıq təmin edildi.

"Müstəqillik və dövlətçilik tariximizin yeni mərhələsi başladı. Heydər Əliyevin və İlham Əliyevin titanik səyləri nəticəsində Azərbaycan 1993-cü ildə dağılmaqda olan dövlətdən bugünki güclü, qüdrətli, çiçəklənən dövlətə çevrildi.

Vaxtilə Azərbaycanı ağır böhran, vətəndaş müharibəsi həddinə çatdıran keçmiş hakimiyyət təmsilçiləri 1993-cü ilin dəhşətlərinin xalqın yaddaşından silindiyinə ümid edərək yenidən baş qaldırıb şər-böhtan kompaniyası aparırlar. Bir kərə yüksələn bayraq bir daha enmədiyi kimi, bir dəfə iflas olunanlar da heç vaxt bəraət qazanmırlar".

Azvision.az

Teqlər: Əli-Əhmədov   Azərbaycan