Keçmiş həyat yoldaşı Gültəkin Hacıbəylini ifşa etdi

Keçmiş həyat yoldaşı Gültəkin Hacıbəylini ifşa etdi
  04 İyul 2019    Oxunub:37720
“Gültəkin Hacıbəyli, hər kəs qanun qarşısında bərabərdir”
Azvision.az xəbər verir ki, bunu müxalifətin "Milli Şura" adlı radikal qrupunun üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehtiyev KİV-ə ünvanladığı müraciətdə deyib.

O, bildirib ki, G.Hacıbəyli növbəti dəfə öz şəxsi keyfiyyətlərinə xas tərzdə heç bir əsas olmadan məhkəmələri saxta qərarlar çıxarmaqda günahlandırıb və hakimiyyətin guya onu “Milli Şura” adlanan qurumdakı fəaliyyətinə görə təqib etməyindən danışıb.

"Bir faktı nəzərinizə çatdırmaq istərdim. Oğlumla görüşməyimə imkan vermədiyinə görə mən 2011-ci ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək daha əvvəl verdiyim etibarnamənin ləğv edilməsini bildirdim, oğlumun G.Hacıbəyli ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını xahiş etmişdim. Həmin ərəfədə uşaqla birlikdə xaricdən qayıdan G.Hacıbəyliyə sərhədi keçən zaman bu barədə məlumat verilmişdi. Bəs görəsən G.Hacıbəyli həmin vaxt niyə hakimiyyətin onu təqib etməsi barədə aləmə car çəkmirdi? Sadəcə ona görə ki, həmin vaxt G.Hacıbəylini ağuşuna alacaq heç bir qüvvə olmadığından o, hüquqlarının tapdalandığını iddia edib və bunu geniş müzakirə predmetinə çevirə bilməyib, indiki halda olduğu kimi şəxsi münasibətlər zəminində yaranmış mübahisəni siyasiləşdirə bilməyib”.

Daha sonra M.Mehtiyev müraciətində qeyd edib: “Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir, uşaqla yaşayan valideyn digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmçinin qanunvericiliyin tələbinə əsasən valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında məhkəmə tərəfindən həll edilir. G.Hacıbəyli mənim oğluma olan valideynlik hüquqlarımı pozmaqda davam edərək icazəm olmadan uşağı xaricə aparmaq istəyərək fakitiki olaraq məni valideynlik hüququmdan məhrum etməyə cəhd etmiş olub. Məhkəmə də haqlı olaraq mənim valideynlik hüquqlarımı müdafiə edib. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar barəsində qərarlar onların valideynlərinin razılığı ilə həyata keçirilməlidir. Bu razılıq qarşılıqlı olmalıdır. Bir tərəfin razılığı olmadan uşağın mənafeyi ilə bağlı qərarın qəbul olunması digər validieynin hüquqlarının pozulması deməkdir. Ona görə məhkəmə qanuni və əsaslı qərar qəbul edib. G.Hacıbəylinin məhkəmə və hakim barəsində dedikləri onun şəxsiyyətini açıq xarakterizə edir. Onun öz istəyinə uyğun məhkəmə tərəfindən qeyri-obyektiv, ədalətsiz və qanunsuz qərar çaxarılması üçün təzyiq göstərməsi, çıxarılan qanuni qərarların icrasına mane olması qanunaziddir. G.Hacıbəyli anlamalıdır ki, hər kəs qanun qarşısında bərabərdir”.

Azvision.az


Teqlər: Gültəkin-Hacıbəyli   Mahmud-Mehtiyev  





Xəbər lenti