Avropa Şurası ölkəmizdə aparılan islahatları dəstəkləyir

  12 Sentyabr 2019    Oxunub : 1094
Avropa Şurası ölkəmizdə aparılan islahatları dəstəkləyir
Sentyabrın 12-də Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə nazir Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlıqdan danışıb, qurumun 70 illiyi münasibətilə təbrikini ifadə edib. Nazir ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verərək bu sahədə tədbirlərin Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini vurğulayıb.

Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanlarının yaradılması, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, yeni ixtisaslaşmış kommersiya məhkəmələrinin yaradılması, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkili təqdir olunub.

Ölkəmizə səfərindən xoş təəssüratını bölüşən X.Cakoumoulos Avropa Şurasının Azərbaycanla hələ üzv olmamışdan əvvəl əməkdaşlıq münasibətlərinin qurulduğunu, bu əlaqələrin inkişafında Ədliyyə Nazirliyinin əsas tərəfdaşlardan olduğunu vurğulayıb. O, nazirliklə hüquqşünasların tədrisi, o cümlədən insan hüquqları üzrə təlimçilərin hazırlanması sahəsində birgə həyata keçirilən layihələrin çox yaxşı nəticələr verdiyini bildirib.

Qonaq, həmçinin ədliyyə sahəsindəki innovasiyalar, penitensiar sistemdə aparılan islahatlar barədə məlumatlandırılıb, cəza siyasətinin humanistləşdirilməsinə dair dövlətimizin başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilərək bir sıra əməllərin dekriminallaşdırıldığı, həbsə alternativ qətimkan tədbirlərinin və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqinin genişləndirildiyi, probasiya xidmətinin yaradılaraq elektron nəzarət vasitələrinin geniş tətbiqi, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi bildirilib.

Baş direktor həyata keçirilən islahatları və yenilikləri maraqla qarşılayıb, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının təmin olunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru nəhəng addımların atıldığını vurğulayıb, Azərbaycan tərəfinin İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) hesabatlarını dərc etməsini alqışlayıb.

Bildirib ki, ədliyyə və məhkəmə sistemində mövcud tərəqqi, Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli müstəsna əhəmiyyətə malik Fərmanında müəyyən edilmiş prioritetlər, eləcə də ölkəmizin Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasında yüksək təmsilçiliyi bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar açır. X.Cakoumoulos həyata keçirilən islahatlara bundan sonra da dəstək göstərilməsinə hazır olduğunu söyləyib.

Tədbir zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın davam edən işğalçılıq siyasəti qonağın xüsusilə diqqətinə çatdırılıb, Ermənistan rəhbərliyinin açıq-aşkar müharibəyə təhrik edən təxribatçı və aqressiv populist bəyanatlarının narahatlıq doğurduğu vurğulanaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi reaksiya verməsinin zəruriliyi bildirilib.

Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin və digər hüquqşünasların tədrisi, Avropa Məhkəməsinin qərarlarının icrası, vəkilliyin inkişafı, mediasiya, alternativ ekspertiza və özəl icra mexanizmlərinin tətbiqi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi   Avropa-Şurası