"Ümumrespublika yürüşü keçirilməlidir" - Deputatdan təklif

  08 Oktyabr 2019    Oxunub : 985
"Ümumrespublika yürüşü keçirilməlidir" - Deputatdan təklif
"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı, nüfuzlu auditoriya qarşısında söylədiyi yüksək səviyyəli nitqi, Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi səmərəli görüşlər təkcə dövlətimizin gücünü, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafının mühüm göstəricisi kimi deyil, eyni zamanda işğal olunan torpaqların azad edilməsində dövlətimiz və Prezidentimizin prinsipial mövqeyinin və sarsılmaz iradəsinin nümayişi oldu"
Azvision.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum sərsəm ifadəsinə Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi sarsıdıcı, qətiyyətli və səfərbəredici cavabı ölkəmizdə böyük ruh yüksəkliyi, düşmən ölkədə isə dərin və ağır məyusluq yaratmaqdadır.

"Prezidentimizin olduqca əhəmiyyətli məkanda və auditoriyada tarixi həqiqətləri və Azərbaycan xalqının iradəsini əks etdirən dörd sözlük qətiyyətli mövqeyi həm Dağlıq Qarabağ problemini alver vasitəsinə çevirməyə çalışan siyasi dəllallara tutarlı cavab, həm də işğalçı Ermənistana və onu himayə edənlərə ciddi və son xəbərdarlığı kimi dəyərləndirilməlidir. Təklif edirəm ki, "Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri yazılmış plakatlar şəhərlərimizdə, rayon mərkəzlərində, bütün kənd və qəsəbələrdə, hərbi hissələrdə, idman meydançalarında, magistral yollarda asılmalı və şüar altında ümumrespublika yürüşü keçirilməlidir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Fəzail-Ağamalı