“Türk Dünyası Həftəsi” keçirilir

  08 Oktyabr 2019    Oxunub : 1090
 “Türk Dünyası Həftəsi” keçirilir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Naxçıvan Müqaviləsinin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7. Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində bir sıra tədbir, rəsm sərgisi və beynəlxalq səviyyəli elmi konfranshəyata keçirəcək.
Bununla əlaqədar, Türk Dünyasının dahi şairi Nizami Gəncəviyə həsr olunmuş "Nizaminin türkçülüyü və türkçülüyə yanaşması Azərbaycan Muzeyşünaslığında" adlı kitabın M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında təqdimatı nəzərdə tutulur. Eyni zamanda, İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş beynəlxalq konfrans, eləcə də türkdilli xalqların ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının kollokviumunun 30 illiyi və eposun yeni tapılan 13-cü boyunun müzakirəsinə həsr olunmuş beynəlxalq elmi yığıncaq Azərbaycan Dillər Universiteti ilə birgə keçiriləcək.

Türk Dünyasında qadınların tarixdəki rolu, ictimai həyatda iştirakı və mədəni irsə təsirindən bəhs edən “Türk Dünyasının Qadını: keçmişdən bugünə” beynəlxalq konfrans və qadınların əl işlərindən ibarət sərginin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilməsi nəzərdə tutulub.

"Saplar arasında harmoniya" - Macarıstanın Azərbaycan Respublikasındakı səfirliyi ilə birgə qoblen sənət nümunələri, "Türk Dünyasının Cənnət Bağları" adlı tanınmış rəssam Cəmilə Haşımovanın əsərlərinin nümayiş etdiriləcəyi sərgilər `Türk Dünyası Həftəsi` ərzində gerçəkləşəcək.

Qeyd edilməlidir ki, həyata keciriləcək tədbirlərin başlıca məqsədi Fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış Türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və dünyaya tanıdılmasıdır.

Azvision.az

Teqlər: