Qonşusunu ata bağlayan qadın və iki övladı saxlanıldı

  10 Oktyabr 2019    Oxunub : 2000
 Qonşusunu ata bağlayan qadın və iki övladı saxlanıldı
“Qonşusu tərəfindən ata bağlanaraq sürüdülən qadının vəziyyəti stabildir. Bir az əzikləri var”

Bunu Azvision.az -a açıqlamasında Goranboyun Əlirzalı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizabil Hüseynov deyib. Onun sözlərinə görə, iki qonşu arasında at üstündə mübahisə düşüb.
"Sahilə Ələkbərovanın atı qonşu həyətə girib. Bu səbəbdən qonşular arasında dava düşüb" - deyən icra nümayəndəsi qadını ata bağlayıb sürüdən qonşuların saxlanıldığını bildirib.

“Hər iki qadın Goranboyun Əlirzalı kəndinin sakinləridir. Kənddə təsərrüfat işləri ilə məşğul olurlar. İndi döyülən xanımın vəziyyəti stabildir. Xəstəxanaya gedib ona baş çəkmişəm. Hərəkət edir, bir az əziyi var. Əslində davanı kobud desək düşüncəsizlikdən ediblər. Belə oyun çıxarmağa ehtiyac yox idi. Sahilə Ələkbərovanın bir qızı, bir oğlu var. Hadisə baş verəndə həyat yoldaşı evdə olmayıb. Qadını ata bağlayan qonşu qadın, onun oğlu və qızı polis şöbəsinə aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Goranboy   Qadın