“ASAN Könüllüləri”nin növbəti layihəsi Cocuq Mərcanlıda başladı - FOTOLAR

  10 Oktyabr 2019    Oxunub : 2456
“ASAN Könüllüləri”nin növbəti layihəsi Cocuq Mərcanlıda başladı - FOTOLAR
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Könüllülər Yurdu – Azərbaycan” layihəsinə start verilib.
Azvision.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində baş tutub.

"ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova bu layihənin təşkilat tərəfindən 4-cü dəfə keçirildiyini bildirib. Onun sözlərinə görə, adıçəkilən layihədə 3500-dən çox gənc birbaşa iştirak edəcək.



"Həmin gənclər 10 minlərlə ailəni könüllülük haqqında məlumatlandıracaqlar. Bu layihənin keçirilməsində məqsəd ölkəmizdə olan könüllülük dəyərini gənclərimizə aşılamaq, onları yaradılan şəraitlə daha yaxından tanış etməkdir. Bu il layihə 15 region olmaqla 45 bölgəni əhatə edəcək".

Tədbirdə iştirak edən gənclər qeyd ediblər ki, belə layihələr onların fərdi inkişafına kömək edir.



“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.



Belə ki, cari ilin oktyabr ayından növbəti ilin yanvar ayınadək həyata keçiriləcək layihə çərçivəsində Bərdə, Sumqayıt, Masallı, Bakı, Quba, Şamaxı, Qəbələ, İmişli, Mingəçevir, Şəki, Qax, Biləsuvar, Şəmkir, Qazaxda müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Hər bir regionda 2 gün ərzində təşkil olunacaq tədbirlərdə maarifləndirici təlimlər, o cümlədən sosial yönümlü aksiyalar reallaşdırılacaq.



Müvafiq regionlarda yaşayan gənclər üçün peşəkar təlimçilər tərəfindən könüllülük fəaliyyətinin prinsinpləri və əhəmiyyəti, sosial həyatda rolu, mövcud imkanlar, fərdi inkişaf, ictimai ünsiyyət və davranış qaydaları və s. mövzularda interaktiv təlimlər, mühazirələr təşkil olunacaq.



Ümumilikdə 2000-dən çox gəncin və müxtəlif yaş qruplarına aid olan 3000-dən çox vətəndaşın layihəyə cəlb olunması nəzərdə tutulur.















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: ASAN   Könüllü