“Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır” - Prezident
Ölkə başçısı bildirib ki, “Qobu-1” və “Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edilib:
"Hazırda tikilməkdə olan “Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.
Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir.
İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz. Gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik".
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident