Qanunsuz aksiyaların qarşısı necə alınır? - Bizdə və Avropada (VİDEO)

  20 Oktyabr 2019    Oxunub : 7021
 Qanunsuz aksiyaların qarşısı necə alınır? - Bizdə və Avropada (VİDEO)
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri ötən gün Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd edib. Sayları təxminən 220 nəfərədək olan radikallar bir neçə qrup halında “28 May” metrostansiyasının önündəki meydana daxil olmağa çalışıblar.
Əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, nəticədə qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları daxil olmaqla 60 nəfər saxlanılıb.



Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndərilib. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli də olub. O, barəsində müvafiq sənədləşmə aparılması üçün xüsusi avtomobilə əyləşdirilən zaman polis əməkdaşlarına müqavimət göstərib, nəticədə alnı avtomobilin dəmir barmaqlığına dəyərək xəsarət alıb. Əli Kərimliyə Daxili İşlər Nazirliyinin Hospitalında tibbi yardım edilib, daha sonra izahatı alınaraq sərbəst buraxılıb.

Məlum aksiyaya cəhddən sonra sosial şəbəkələrdə Əli Kərimlinin guya polislər tərəfindən “ölümcül döyülməsi”, ona və saxlanılan digər şəxslərə işgəncələr verilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyi Əli Kərimlinin iddialarını yalanlayıb. DİN Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib və səhhətində problem aşkarlanmayıb:

“Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub”.

Aksiya zamanı lentə alınan bir çox görüntülər radikalların dediklərinin tamamilə yalan olduğunu üzə çıxarır. Kadrlardan aydın görünür ki, polis əməkdaşları qabaqcandan dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, ictimai asayişi pozmağa çalışan şəxsləri saxlayır, onların şəhərin mərkəzində qarşıdurma yaratmağa hesablanmış təxribat cəhdlərinin qarşısını alır. Hətta qanunsuz aksiyanın bəzi iştirakçıları xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını təhqir edərək onlara hücum çəkir, iğtişaş yaratmağa çalışır. Lakin bütün bu təxribatçı cəhdlərə, hücumlara rəğmən asayiş keşikçiləri mümkün qədər təmkinli davranmaqla üzərlərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirdilər.

“28 May planı” alınmayan radikalların vətəndaşların təhlükəsizliyini qoruyan Azərbaycan polisi barədə apardığı qarayaxma kampaniyası başa düşüləndir. Sözün açığı, bu cür mənfur niyyətli insanlardan başqa bir şey gözləməyə dəyməzdi. İftira atmaq, böhtan yağıdırmaq onların sevimli işləridir. Ən yaxşı halda bacardıqları elə budur.

Bu xüsusda maraqlı bir məqama diqqət yetirək. Bakıdakı aksiyaya cəhdlə eyni vaxtda Kataloniyada da etirazlar davam edib. Oktyabrın 14-dən başlayan icazəsiz mitinqlər zamanı etirazları dağıtmağa çalışan polislərlə nümayişçilər arasında qarşıdurmalar baş verib. İğtişaşlar nəticəsində yüzlərlə insan yaralanıb, onlarla nümayişçi saxlanılıb. Xəsarət alanlardan 60-ı aksiyaları işıqlandıran KİV əməkdaşlarıdır.

Kataloniya baş verənlər, xüsusən də polislərin müstəqillik tərəfdarlarına zor tətbiq etməsi, qeyri-insani rəftar bütün dünyada ciddi şəkildə qınağa tuş gəlib. Aparıcı KİV-lər bir neçə gündür Kataloniyadakı iğtişaşlardan yazır və nümayişçilərin döyülməsi pislənilir.

Realıq odur ki, bu hadisələr başqa vaxt insan hüquqlarından dəm vuran, özünü demokratiyanın beşiyi sayan Avropa ölkəsində baş verir və orada polislər etirazçıları dəyənəklə amansızcasına döyür, meydan boyu sürüyür, insanların şəxsiyyətini alçaldan hərəkətlər edir. Lazım gələndə polis göz yaşardıcı qazla insanları zəhərləyir.

Avropanın əksər ölkələrində - Fransada, İtaliyada, Yunanıstanda, Portuqaliyada, Almaniyada, hətta ABŞ-da da dəfələrlə belə xoşagəlməz hadisələr yaşanıb. Amerikada polis zorakılığına qarşı keçirilən aksiyalar yəqin ki, yaddan çıxmayıb.

Qərb ölkələrində icazəsiz aksiyaların necə dağıdılması ilə dünən Bakıda cəhd edilən mitinqi müqayisə etsək, Azərbaycan polisini zorakılıqda günahlandırmaq ən azından haqsızlıq olardı. Təəssüf ki, sosial şəbəkələrdə polislərimizə qarşı kampaniya başladıb, onların ünvanına ittihamlar yağdıranlar mühacirət etməyi arzuladıqları Avropadakı aksiyaların necə dağıdılmasını görməzdən gəlirlər. Bakıda polisin təxribatçıları saxlaması zorakılıqdırsa, Avropada aksiyaçıların itlərin caynağına verilməsi, atlarla tapdalanması, yumruq-təpiklə döyülməsi, rezin güllələrlə vurulmasına nə ad vermək olar? Bizdə bunlar baş verdimi, yoxsa Əli Kərimlinin dəstəsinə itlərlə hücum çəkildi, atlarla tapdalandılar? Əlbəttə, yox! O zaman hansı zorakılıqdan, qeyri-insani rəftardan danışmaq olar?!

Bakı polisi mümkün qədər sivil şəkildə, qanun çərçivəsində öz işini gördü, ən qısa zamanda şəhərin mərkəzində asayişi təmin etdi. Qanunsuzluğun qarşısını almaq onların borcu idi. Bunu bildikləri halda şərəfli peşə sahiblərini kampaniyaya alət etmək, sosial şəbəkələrdə ağır ifadələr işlətmək yumşaq şəkildə desək, Azərbaycan dövlətinə və polisinə qarşı çox böyük ədalətsizlikdir. Bizi qoruyan polislərə virtual hücum çəkənlər bilməlidirlər ki, Azərbaycandan fərqli olaraq onların sevimli Avropalarında polis etirazçılara dözüm və səbir nümayiş etdirmir. Dünənki aksiyalarda bunun bir daha şahidi olduq. Həm Bakıda, həm də Kataloniyada...

Azvision.az

Teqlər: Aksiya   Mitinq