“Azərbaycanda sığınacaqların sayı artırılmalıdır” - Hicran Hüseynova

  25 Noyabr 2019    Oxunub : 1467
 “Azərbaycanda sığınacaqların sayı artırılmalıdır” - Hicran Hüseynova
Azərbaycanda qadınlar çox zaman zorakılığa məruz qalmalarına göz yumurlar. Çünki onlar iqtisadi baxımdan kişilərdən asılıdırlar və buna görə də boşandıqları təqdirdə tək qalacaqlarını və problemlərini həll edə bilməyəcəklərini düşünürlər.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunmuş dəyirmi masada deyib. Onun sözlərinə görə, Azərbaycanda sığınacaqların sayı artırılmalıdır.

"Biz bir neçə dəfə bu məsələni qaldırmışıq. Dünya təcrübəsi göstərir ki, sığınacaqlar təkcə dövlət qurumlarının yanında deyil, həm də bələdiyyə sistemlərinin nəzdində yaranmalıdır. Bizim apardığımız araşdırmalar zamanı məlum oldu ki, zorakılığın yaratdığı fəsadların aradan qaldırılmasına ayrılan vəsait onun vaxtında qarşısının alınmasına yönələn vəsaitdən 3 dəfə çoxdur. Deməli, biz bununla da bəzi hallarda öz büdcəmizə zərər vururuq. Hesab edirəm ki, biz həm də profilaktik tədbirlərin aparılmasına diqqət etməliyik. Çünki belə olduğu halda zorakılıq hallarının qarşısı alınar".

Aytən Zəhra
Azvision.az

Teqlər: HicranHüseynova