"NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Baş Marşal

  26 Noyabr 2019    Oxunub : 1128
 "NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Baş Marşal
Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Müdafiə naziri bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb, Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Aviasiya Baş Marşalı ser S.Piç Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu qeyd edərək ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.

Aviasiya Baş Marşalı ser S.Piç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: NATO   Azərbaycan