“Qarabağda vuruşan qadınların qarşısında baş əyirəm” - Cümşüd Nuriyevdən cavab

  27 Noyabr 2019    Oxunub : 9032
 “Qarabağda vuruşan qadınların qarşısında baş əyirəm” - Cümşüd Nuriyevdən cavab
“Mən Qarabağ müharibəsində vuruşan qadınların, qadın batalyonunun qeyrətli, namuslu üzvləri qarşısında baş əyirəm. Mən hələ ağlımı itirməmişəm ki, müharibədə kişilərlə çiyin-çiyinə döyüşən qadınlar haqqında pis söz danışam. Mən televiziyada çıxışım zamanı Xanım Xəlilovanın başçılıq etdiyi qadınlardan ibarət dəstəni nəzərdə tutmuşam”.
Bunu Azvision.az -a tanınmış politoloq Cümşüd Nuriyev Qarabağda döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

Politoloq bildirib ki, AzTV-nin efirindəki çıxışında Qarabağ müharibəsində döyüşən qadınları nəzərdə tutmayıb.

“Xanım Xəlilovanın başçılıq etdiyi dəstəyə batalyon demək olmazdı. Bu, sadəcə bir neçə əxlaqsız qadının bir yerə toplanması idi. Xanımı mən çox yaxşı tanıyıram. Onun anası ermənidir. Yanına bir neçə anası ermənini yığmışdı. Onlar 1992-ci ildə parlamentə hücum edib, bizi kişi söyüşləri ilə təhqir edirdilər. Mən onları nəzərdə tutub demişəm. Həmin qadınlardan bəziləri mənim işçim olub. Dəstədə bir qadın var idi, 4 uşağını ayrı-ayrı kişilərdən dünyaya gətirmişdi. Çıxışım zamanı belə qadınlardan söhbət açmışam. Müharibə veteranı olaraq mən hələ ağlımı itirməmişəm ki, qadın batalyonunun əxlaqsız olduğunu deyim. Ən yaxın dostlarımdan olan Gülara Musayeva ilə Qarabağ komitəsində birgə vuruşmuşuq. Müharibədə döyüşən kişi qeyrətlə vuruşan qadın haqqında pis nəsə deyə bilər? Bu, mümkün deyil”.

C.Nuriyev çıxışınının yanlış anlaşıldığını qeyd edib: "Bunu yayan cəbhənin trollarıdır. Ömrü boyu döyüşən, özünə hörmət edən Azərbaycan qadını haqqında hansısa pis söz işlətmərəm. Xanım Xəlilovanın və ətrafındakı qadınıların Qarabağda vuruşan qadın batalyonuna dəxli yox idi. Çıxışımı mətndən çıxarıb üstümə hücuma keçiblər. Bu, şantajdır. Mən vuruşan qadınların qarşısında baş əyirəm”.

Qeyd edək ki, Cümşüd Nuriyevin AzTV-də qadınlarla bağlı çıxışı birmənalı qarşılanmayıb. Onun fikirləri qadınlara qarşı təhqir kimi qiymətləndirilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: CümşüdNuriyev