“Şaxta babadan ev istəyirəm” - Tanınmışlar arasında SORĞU

  26 Dekabr 2019    Oxunub : 4405
“Şaxta babadan ev istəyirəm” - Tanınmışlar arasında SORĞU
Yeni ilin gəlişinə sayılı günlər qalıb. Ümidini valideynlərdən çox Şaxta Babaya bağlayan uşaqlar həsrətlə onun gəlməsini, hədiyyə gətirməsini və arzularını çin etməsini gözləyirlər. Belində xurcun, qar xizəyində o diyar sənin, bu diyar mənim dolaşan Şaxta baba təkcə balacalarınmı istəklərini yerinə yetirir, bəs böyüklər? Arzular, ümidlər, gözləntilər axı sərhəd, yaş tanımır. Hər kəsin qəlbində onu eşidən bir Şaxta babası var.
Azvision.az sənət adamları arasında sorğu keçirərək onların Şaxta babadan nə istədiklərini öryənməyə çalışıb.



Tarzən Ramiz Quliyev bildirib ki, onun tək istəyi Qarabağın işğaldan azad edilməsidir: "İşğalda olan torpaqlarımızın azad olunmasını arzu edirəm. Ən böyük diləyim budur. Ana ocağımı, ata yurdumu azad görmək istərdim. Tanrıdan yalnız bunu diləyirəm. Bu, mənim qəlbimdə olan böyük bir dərddir. Şaxta baba məni bu dərddən xilas etsin. Gedib anamın, atamın məzarını ziyarət edim".



Əməkdar artist Nicat Kazımov Şaxta babanın ona ev verməsini arzulayıb: "İllərdir ki, evsizlikdən əziyyət çəkirəm. İstərdim ki, Şaxta baba mənə ev versin".



Aktrisa Dilarə Əliyeva həmişə formada qalmağı sevir. Bu məsələdə Şaxta babadan yalnız kömək diləyir: "Şaxta baba elə etsin ki, mən istədiyim qədər yeyim, amma kökəlməyim".



Əməkdar artist Teymur Məmmədov artıq Şaxta Babaya inanmadığını deyib.

Nüsrət Kəsəmənlinin "Daha nağıllara inanmıram mən" adlı şeiri var. Şaxta babaya inanan, ondan nəsə gözləyən vaxtım deyil. İndi adi uşağa belə deyirsən Şaxta baba sənə hədiyyə gətirib, deyir, yalan danışma, sən qoymusan. Madam ki, insan arzusu, ümidi bitmir. Qoy Şaxta baba bizə əminamanlıq, torpaqlarımızın azad olunma xəbərinin sevincini gətirsin. Bizim ondan ayrı heç bir istəyimiz yoxdur.



Tanınmış bəstəkar Nailə Mirmmədlinin arzusu odur ki, xalqımız hər zaman xoşbəxt yaşasın: "Xalqımız sağ-salamat olsun. Bolluq, ruzi-bərəkət içində yaşayaq. İli sakit qarşılayıb salamat başa vuraq".



Məşhur diktor Sabir Ələsgərov bu yaşdan sonra özünə ancaq can sağlığı arzuladığını söyləyib: "Can sağlığı olsun, uşaqlarım mənə görə əziyyət çəkməsinlər".



Aktrisa Kəmalə Hüseynova isə Şaxta babadan deyil, Allahdan kömək istədiyini deyib: "Şaxta babadan heç nə istəmirəm. Uşaqlığımda da ondan heç nə gözləməmişəm. Mənim arzularımı Allah yerinə yetirsin".



Xalq artisti Rafiq Əzimov övlad və nəvələrinin xoşbəxtliyini görmək istəyir: "Mən babayam, nəvələrimə, nəticələrimə firavanlıq arzulayıram. Sağlam, ağıllı, mütaliəli olsunlar. Şaxta baba onlara xoş günlər gətirsin. Mən həyatda da, sənətdə də arzularıma çatmışam. İndi yol onlarındır".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Yeni-iş   Şaxta-Baba