“Kənddən şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

  24 Dekabr 2019    Oxunub : 1837
“Kənddən şəhərə” satış mərkəzlərinin sayı artırılacaq
"Kənddən Şəhərə" layihəsi çərçivəsində Nizami küçəsi 154B ünvanında eyniadlı satış mərkəzinin fəaliyyətə başlamasından bir il ötdü. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilən layihənin əsas məqsədi yerli kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, onları dəstəkləmək və paytaxt sakinlərinin qida məhsullarına olan tələbatını təbii və sağlam məhsullarla ödəməkdir.
Azvision.az -ın məlumatına görə, satış mərkəzinin bir yaşı ilə əlaqədar açıqlama verən ATT İdarə Heyətinin sədri Leyla Məmmədova “Kənddən Şəhərə” layihəsinin paytaxt sakinlərinin kənd məhsullarına əlçatanlığının təmin edilməsində rolunun böyük olduğunu vurğulayıb:

“Bizim əsas məqsədimiz paytaxt sakinlərinin yerli kiçik və orta fermer təsərrüfatı məhsullarına əlçatanlığını vasitəçilərin sayını azaltmaqla təmin etmək idi. Bu günə qədər "Kənddən Şəhərə" satış mərkəzlərinin fəaliyyəti və onlayn satış çərçivəsində 200-dən artıq fermerlə əməkdaşlıq edilib və bu say hər ötən gün artmaqdadır. Satış mərkəzlərimiz təkcə fermerlər üçün deyil, eyni zamanda paytaxt sakinləri üçün də əlverişlidir. Belə ki, burada məhsullar digər mağaza və bazarlardan daha münasib qiymətə satılır. Bu bir il ərzində fəaliyyətimizdə bir sıra yeniliklər həyata keçirdik və növbəti ildə də yeniliklər tətbiq etməyə davam edəcəyik. Biz çalışırıq ki, gələcəkdə “Kənddən Şəhərə” brendini özəl sektor hesabına daha da inkişaf etdirək. Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayını artırmağı da planlaşdırırıq.”



Leyla Məmmədova “Kənddən Şəhərə” layihəsinin yalnız satış mərkəzi ilə kifayətlənmədiyini də bildirib: “Bu layihə yalnız satış mərkəzindən ibarət deyil. Biz bu layihə çərçivəsində yerli qida məhsullarını “Kənddən Şəhərə” brend adı altında qablaşdırırıq. Artıq eyniadlı yarmarkaların sayı da 5-ə çatıb. Biz fermerlərlə, həmçinin həftəsonu yarmarkaları çərçivəsində də əməkdaşlıq edirik. Bu günə qədər 1000-dən artıq fermerin yetişdirdiyi kənd təsərrüfatı məhsulları birbaşa özləri tərəfindən yarmarkalarda satışa çıxarılıb”.

Qeyd edək ki, vətəndaşların “Kənddən Şəhərə” satış mərkəzinə və yarmarkalara olan marağını nəzərə alan təşkilatçı qurum cari ilin iyul ayında Əhmədli qəsəbəsində daha bir satış mərkəzini istifadəyə verdi. Satış mərkəzlərində yerli kiçik və orta fermer təsərrüfatları, eləcə də qida istehsalçıları tərəfindən istehsal edilən təbii və sağlam məhsullar alıcılara təqdim edilir. Həmçinin burada “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan qida məhsullarının (Zaqatala çayı, noxud, düyü və s.) satışı da həyata keçirilir.

“Kənddən Şəhərə” satış mərkəzinin onlayn sifariş xidməti də fəaliyyət göstərir. Belə ki, paytaxt sakinlərinə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə ATT tərəfindən https://azvision.az/redirect.php?url=http://kenddenshehere.az/ saytı istifadəyə verilib. Vətəndaşlar sayta daxil olmaqla və ya +994504008899 telefon nömrəsinə zəng etməklə ünvanlarını tərk etmədən istədikləri yerli qida və kənd təsərrüfatı məhsullarını əldə edə bilərlər.

Azvision.az

Teqlər: Yarmarka