Mehriban Əliyeva uşaqların bayram şənliyində iştirak edib - FOTOLAR+VİDEO

  30 Dekabr 2019    Oxunub : 2524
 Mehriban Əliyeva uşaqların bayram şənliyində iştirak edib - FOTOLAR+VİDEO
Heydər Əliyev Fondu dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənlik təşkil edib.
Azvision.az xəbər verir ki, ənənəvi olaraq keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.



Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi “Buta” sarayına onlar üçün ayrılmış avtobuslarla gəldilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkan uşaqları sevindirmək üçün bayram əhval-ruhiyyəsində, nağıllar aləmini xatırladan dizaynla tərtib olunmuşdu.



Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən filmin nümayişi ilə başladı.



Daha sonra “Qış nağılı” təqdim edildi. Rusiyalı rejissor Aleksey Smirnovun quruluşunda hazırlanan teatrlaşdırılmış səhnəcik iştirakçılar tərəfindən maraqla qarşılandı. Rəngarəng səhnə tərtibatı ilə uşaqların sevincinə səbəb olan “Qış nağılı” müxtəlif ölkələrdə Yeni ilin qarşılanması tarixçəsi üzərində qurulub. Bu proqram, “Buta”da balacalar üçün qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.



Bayram şənliyində uşaqların sevinci, üzlərindəki təbəssüm bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar.

Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi. Şənliyin iştirakçısı olan hər bir uşaq Mehriban Əliyevanın onlara diqqət və qayğısını hiss etdi.



Birinci vitse-prezident Mehriban Əliyeva sarayda uşaqlar üçün qurulan masaların hamısına yaxınlaşdı, onların əhvalı ilə maraqlandı, istəklərini dinlədi, hər biri ilə şəkil çəkdirdi. Cəmiyyətdə xüsusi kateqoriyaya aid olan bu uşaqlar bir daha onların daim qayğı ilə əhatə olunduğunu gördülər.

Nağıl və musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin, uşaq evlərinin sakinlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə hazırlanmışdı.



Balacaların sevimli qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bayram şənliyində çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı:

-Hörmətli valideynlər, hörmətli müəllimələr, əziz uşaqlar.

Mən sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Heydər Əliyev Fondu fəaliyyətinə başladığı dövrdən – yəni, 15 ildir ki, biz Yeni ili birlikdə qarşılayırıq. İl ərzində müxtəlif tədbirlərdə, müxtəlif məkanlarda da sizinlə görüşürük. Amma Yeni il bayramı xüsusi bayramdır. Bu, həm uşaqların, həm böyüklərin ən sevimli bayramlarından biridir. Bu gün bizim bir ailə kimi bir-birimizə doğma, dəyərli, əziz olduğumuzu ifadə etməyimiz üçün gözəl bir imkandır.

Artıq 2019-cu ilin son günlərini yaşayırıq. Ümidvaram ki, sizin hər biriniz üçün bu il uğurlu oldu. Ölkəmizin həyatında da bir sıra əhəmiyyətli, yaddaqalan hadisələr baş verdi. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürdü. Azərbaycanda inkişaf davam edir. 2018-ci ildən cənab Prezident İlham Əliyev tərəfindən start verilmiş islahatlar davam edir. Dünya Bankının 2020-ci il üzrə hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələri sırasındadır. Davos Dünya İqtisadi Forumunun hesabatında rəhbərliyin islahatlara meyillilik səviyyəsi üzrə Azərbaycan beşinci yerdədir. Bu il dünyanın ən güclü 80 ölkəsi arasında reytinqdə bizim ölkəmiz 45-ci yerdədir.



Ölkəmizdə bu il bir sıra vacib, mühüm beynəlxalq tədbirlər, o cümlədən VII Qlobal Bakı Forumu, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Dünya dini liderlərinin II Sammiti keçirildi. Digər sahələrdə də bir sıra mühüm hadisələr baş verdi. Mədəniyyət sahəsində ən yaddaqalan hadisə yəqin ki, Şəki Xan Sarayının və Şəki şəhərinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Bakı şəhərinin UNESKO-nun yaradıcılıq şəhərlərinin şəbəkəsində yer tutmasıdır. Digər sahələrdə - idman sahəsində böyük nailiyyətlər əldə edilib. 2019-cu ildə ölkəmizdə bir sıra beynəlxalq yarışlar keçirilib. Mən bir gəncin qələbəsi haqqında xüsusi danışmaq istəyirəm. Bu ilin oktyabr ayında bizim gənc şahmatçı Aydın Süleymanlı 14, 16 və 18 yaşlı qızlar və oğlanlar arasında dünya çempionatında qələbə əldə edib. Əlbəttə, bu, bizim hər birimizin qəlbini böyük qürur və sevinc hissi ilə doldurur.



Bir sözlə, bir çox sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir. Əziz uşaqlar, bu gün görülən bütün işlər, atılan bütün addımlar sizin xoşbəxt sabahınız, xoşbəxt gələcəyiniz naminədir.

Yeni il, eyni zamanda, yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Mən arzulayıram ki, sizin hər birinizin ürəyində olan ən müqəddəs arzularınız gerçəkləşsin. Əminəm ki, ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir. Bu bayram günündə mən bizim bütün müəllimlərimizə əvəzolunmaz əməklərinə görə, bizim gənc nəslə, bizim uşaqlara göstərdikləri diqqətə görə öz dərin minnətdarlığımı bildirirəm. Artıq 15 ildir ki, Heydər Əliyev Fondunun kollektivi ilə bir yerdə bu bayram ab-havasını yaratmağa kömək edən, iştirak edən, uşaqları şənləndirən bizim hörmətli sənət adamlarımıza mən öz dərin minnətdarlığımı bildirirəm.



Əziz dostlar, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Ölkəmizə sülh, əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı və Azərbaycan xalqını daim qorusun. Təbrik edirəm.

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi.

Bir saatdan çox davam edən proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verildi. Fondun balacalara hədiyyə etdiyi bu bayram şənliyi onların yaddaşında silinməz iz qoydu.







Azvision.az

Teqlər: Mehriban-Əliyeva   Bayram   Şənlik