Əli Nağıyev və Orxan Sultanov Ərdoğanla görüşüb - FOTO
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda MİT-in qarşısında duran mühüm vəzifələrdən, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən işlərdən danışıb. Dövlət başçısı “Qala”nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni binanın açılışını bildirən rəmzi lentin kəsilməsi mərasimində Türkiyə Respublikasının ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidentinə səmimi salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurlar arzulayıblar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirib, təbrikə və xoş diləklərə görə təşəkkürünü bildirib.
Azvision.az