Bakıdan Dilqəmə məktub, Şahbaza bağlama göndərilib

  09 Yanvar 2020    Oxunub : 3427
 Bakıdan Dilqəmə məktub, Şahbaza bağlama göndərilib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri ötən ilin dekabr ayında kəlbəcərli girovlar Dilgəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Azvision.az -a açıqlamasında görüşdən xəbərdar olduğunu bildirib.
“BQXK nümayəndələri mənimlə telefon əlaqəsi saxlayıb, atamla bağlı narahatlığın olmadığını bildirdilər. Dedilər ki, yaxın günlərdə sizə yenidən ətraflı məlumat veriləcək. Atamdan məktub, videogörüntü gətiriləməsi ilə bağlı onda xəbər verəcəklər. Mən özüm isə atama dekabr ayında məktub göndərmişəm. Ümid edirəm ki, atam da cavab məktubu göndərib”.

Digər kəlbəcərli girov Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə başçəkmədən xəbərsiz olduğunu deyib: “Qardaşıma bağlama göndərmişik. Deyəsən, göndərdimiz məhsullar Şahbaza çatıb. Başqa heç bir məlumatımız yoxdur”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Kəlbəcər   Girov   Dilqəm   Şahbaz