Penitensiar Xidmətdə müşavirə keçirilib

  17 Yanvar 2020    Oxunub : 3300
 Penitensiar Xidmətdə müşavirə keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirədə ötən il penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Nazir müavini hesabat dövründə ölkə başçısının cəza-icra fəaliyyətini tənzimləyən müvafiq fərman və sərəncamlarının, qanunvericilik aktlarının, eləcə də nazirliyin kollegiya qərarlarında əksini tapmış tapşırıqların icrasının nəzarətdə saxlanıldığını, Baş idarənin, tabeli qurumların maddi-texniki bazasının inkişafına, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, fəaliyyətin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib.

Vurğulanıb ki, məhkumların hüquq və mənafelərinin etibarlı qorunması təmin edilib, penitensiar müəssisələrə Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının, İctimai Komitənin nümayəndələri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Milli Preventiv Qrupunun əməkdaşları tərəfindən başçəkmələr həyata keçirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının və 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilib, aidiyyəti bəndlərinin icrası məqsədilə müvafiq tədbirlər görülüb.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov qurumun 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, dövlət başçısının təşəbbüsü əsasında 2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası davam etdirilib, 658 məhkum cəza çəkməkdən azad olunub, 2591 məhkumun cəza müddəti azaldılıb, 452 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib.

Prezident İlham Əliyevin 2019-cu il 16 mart tarixli Əfv sərəncamı vaxtında və dürüst icra edilib, 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun isə ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Qeyd olunub ki, 2019-cu il dekabrın 23-də Penitensiar Xidmətin tabeli qurumlarında bələdiyyə seçkiləri uğurla keçirilib, cəza çəkənlərə, habelə hərbi xidmət keçən əsgərlərə ərazi vahidində yerləşən seçki məntəqələrində səs vermələri üçün müvafiq şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, “Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqəti Qaydalar”ına uyğun yaradılmış Xüsusi Komissiyanın fəaliyyətində şəffaflığın artırılması, korrupsiya və digər neqativ hallarla mübarizənin gücləndirilməsi məqsədilə Komissiyanın iclaslarının virtual formada keçirilməsi üçün tədbirlər görülüb.

Xüsusi Komissiyaya ümumilikdə hesabat dövrü ərzində 3397 məhkumun ərizəsi təqdim edilib.

Müsbət rəylə məhkəmələrə təqdim olunmuş 2970 müraciətdən 2802-si, yəni, 94,3 faizi təmin edilib.

Hesabat dövründə, eyni zamanda, penitensiar müəssisələrin əməliyyat aparatlarının məlumatları əsasında 622 cinayətin açılmasına kömək göstərilib.

Penitensiar müəssisələrdə rejim-nəzarət funksiyasının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb, məhkumlar üzərində nəzarət gücləndirilib, görülmüş işlərin nəticəsi olaraq məhkum və həbs olunmuş şəxslər tərəfindən törədilmiş rejim pozuntularının sayı əhəmiyyətli dərəcədə azalıb.

Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların daxil edilməsinin qarşısını almaq məqsədilə həyata keçirilən nəzarət gücləndirilib, nəticədə axtarış-baxış, habelə əməliyyat tədbirləri nəticəsində 88 fakt üzrə 125,7 qram narkotik və psixotrop maddə, 85 mobil telefon, habelə 68,5 litr spirtli içkinin penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınıb.

Hesabat dövründə, eyni zamanda, penitensiar müəssisələrin etibarlı müdafiəsi və mühafizəsi, o cümlədən məhkum və həbs edilmiş şəxslərin təhlükəsiz şəraitdə daşınması yüksək səviyyədə təmin olunub.

Cinayətkarlıqla mübarizə işində respublikanın hüquq-mühafizə orqanları birgə görülmüş əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 6 tüfəng, 30 güllə və 1 soyuq silah (süngü-bıçaq) aşkarlanaraq ərazi polis orqanlarına təhvil verilib.

Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Azvision.az

Teqlər: Penitensiar-Xidmət   Müşavirə