Bakı rayonlarının yaşıllaşma reytinqi - SİYAHI

  31 Yanvar 2020    Oxunub : 1505
 Bakı rayonlarının yaşıllaşma reytinqi - SİYAHI
Ötən ilin sonunda Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda “Yaşıl guşələr”in yaradılması təşəbbüsünü irəli sürmüşdü. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə ictimai iaşə, ticarət, ofis binaları, müəssisə və digər obyektlərin qarşısında “Yaşıl guşələr” yaratmağı tövsiyə edilib və bununla bağlı müvafiq sərəncam imzalanıb. İri meqapolislərin yaşıllaşdırılması işində uğur qazanmış şəhərlərin təcrübəsi göstərir ki, sahibkarlar, müəssisə rəhbərləri və ayrı-ayrı vətəndaşlar birgə iş prosesində belə təşəbbüslərə qoşulduqda çox yaxşı nəticələr əldə edilə bilər.
“Yaşıl Bakı” Təşəbbüs Qrupundan Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin ekoloji təşəbbüsünə çox sayda obyekt sahibləri, müəssisə rəhbərləri səs verdi və qısa vaxt ərzində paytaxtın yaşıllaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilib. Eyni zamanda bu təşəbbüsə bir sıra ictimai təşkilatlar da qoşulublar.

Belə ki, “Yaşıl Bakı” Təşəbbüs Qrupu Bakı şəhərinin yeddi mərkəzi rayonunda aparılan monitorinqlərin nəticələrinə əsasən buradakı müxtəlif obyekt və idarələrin qarşısında yaradılmış ən yaxşı və ən pis “Yaşıl guşələr”in reytinqini tərtib edib. Təşəbbüs qrupundan verilən məlumata görə, reytinqə Xətai rayonu liderlik edir, siyahıda sonrakı yerləri Nərimanov və Səbail rayonları tuturlar:

"Reytinq siyahısında sonuncu yeri Nəsimi rayonu tutub. Yasamal rayonunda da yaşıllaşdırma işləri qənaətbəxş deyil". “Yaşıl Bakı” Təşəbbüs qrupu tərəfindən reytinqdə birinci və son yerləri tutan obyektlərin fotolarını da təqdim edilib.

“Paytaxtda “Yaşıl guşələr”in yaradılması və onlara qulluq göstərilməsi təkcə dövlət orqanlarının deyil, həm də öz şəhərini sevən hər bir insanın işi olmalıdır. obyektin fəaliyyətindən böyük pullar qazanan, lakin obyektin yerləşdiyi ətraf ərazinin abadlaşdırılması və yaşıllaşdırılması məsələsinə biganə qalaraq laqeyd münasibət göstərən məsuliyyətsiz iş adamları və müəssisə rəhbərləri barədə ictimaiyyətə vaxtaşırı məlumat verilməsini özümüzə borc bilirik.

Hal-hazırda ictimaiyyətə təqdim etmək üçün bu obyektlərin həqiqi sahiblərinin adları dəqiqləşdirilir. Əgər hər birimiz bir ağac əksək, yaşıl guşə yaratsaq, ya da yaşıllıqlara lazımı qulluq göstərsək bu zaman şəhərimiz daha da yaşıllaşacaq və gözəlləşəcək”.

Azvision.az

Teqlər: Bakı