XİN: Azərbaycan və Britaniya arasında əməkdaşlıq davam edəcək

  31 Yanvar 2020    Oxunub : 2904
 XİN: Azərbaycan və Britaniya arasında əməkdaşlıq davam edəcək
Məlum olduğu kimi, cari ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır. Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən müvafiq sazişin razılaşdırılması və imzalanması nəzərdə tutulur.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Azvision.az -a bildirilib ki, Birləşmiş Krallıq “keçid dövrü” ərzində Aİ ilə Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaq. Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir.

"Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir. Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcəkdir", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: XİN   Britaniya