DİN seçki məntəqəsində çəkilən videoya münasibət bildirdi

  11 Fevral 2020    Oxunub : 3601
DİN seçki məntəqəsində çəkilən videoya münasibət bildirdi
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən video görüntülərə münasibət bildirib .
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Azvision.az -a açıqlamasında bildirib ki, polis əməkdaşları məntəqəyə qanunvericiliyin tələbinə uyğun olaraq daxil olub: "Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib.



Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət etmiş və ondan məntəqəni tərk etməsini tələb ediblər. Lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərib. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib".

E.Zahidov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb.

Azvision.az

Teqlər: DİN