Demokratiyanın əlli çaları

  Demokratiyanın əlli çaları
  16 Mart 2020    Oxunub:6406
Şəlalə Göytürk

Azərbaycanda keçirilən son parlament seçkiləri dənizdə zəlzələ effekti yaradaraq, cəmiyyətimizdəki siyasi, mənəvi problemləri bir daha üzə çıxartdı. Məlum oldu ki, biz azad rəqabət mühitində nəinki obyektiv seçki keçirmək, heç təşviqat kampaniyasını belə düzgün aparmaq istəmirik.
Bəzi keçmiş deputatlar və siyasətə “reski” yönələn gənclər də daxil olmaqla, proses boyunca ən ağlagəlməz, absurd, şərəfsiz yollarla mübarizəyə girişən, milyonları aldatmağa çalışan qırmızısifət namizədlər gördük. Həvəskar siyasətçilər, xüsusilə də manipulyatorlar sosial şəbəkələrdə dəfələrlə virtual “seçki” keçirdilər, “podval” sorğularında “qaliblər” və “məğlublar” elan edildi.

Məsələn, maraqlı seçki sərgüzəştlərinin baş verdiyi 31 saylı Suraxanı II seçki dairəsi ölkədəki seçki mənzərəsini bütün dinamikası ilə aydın ifadə edir. Həmin dairədə cəmiyyətin yaxşı tanıdığı üç fəal namizəd mübarizə aparırdı: keçmiş deputat Fərəc Quliyev, alim, təhsil problemləri üzrə ekspert Etibar Əliyev və blogger Mehman Hüseynov.

Fərəc Quliyevin Mehmana rüşvət təklif etməsi ictimailəşəndən sonra keçmiş deputat olan-qalan nüfuzunu da itirdi və həmin dairədə əsas iki rəqib üz-üzə qaldı: Etibar Əliyev və Mehman Hüseynov.
Seçicilər Etibar Əliyevi seçməklə, heç də Mehmanın statuslarında qaramat püskürən kütlə olmadıqlarını, onların problemlərini həll etmək gücündə olan namizədi gerçəkdən ayırd edə bildiklərini isbatladılar. Bu nümunədə toplum olaraq demokratiyanın faydasını gördük. Etibar Əliyevlə Mehmanın şəxsində real düşüncə populizmə, intellekt artisizmə qalib gəldi. Virtualda Mehmanı spiker edənlər, real seçkidə aşağı faizlə uduzdular, eynilə müxalifət düşərgəsinin statuslarına layk atıb, aksiyasına gəlməyənlər kimi.

Razılaşmaq lazmdı ki, bir ölkənin ali qanunverici orqanına Mehman kimi youtuberlər yox, dövlət idarəetməsindən, cəmiyyət problemlərindən başı çıxan ciddi intellektuallar, siyasi texnoloq, sosioloq, iqtisadçı, hüquqşünas, ümumiyyətlə isə intellekt və dünyagörüşü toplumun ümumi səviyyəsindən bir neçə qat üstün olan adamlar lazımdır. Mehmanın bilgisi və fəaliyyəti isə çayxana söhbətlərindən o tərəfə keçmir. Bakıda istənilən taksi şoferi bu məzhəkəçi oğlandan daha intellektli və dünyagörüşlüdü. Sosial şəbəkə istifadəçilərinin Mehmanı “layk” atəşinə tutmasının səbəbi isə xalqın Hadı Rəcəbli, Zeynəb Xanlarova, Xanhüseyn Kazımlı kimi deputatlardan bezmişliyindədir. Yəni, adları çəkilən şəxslərlə müqayisədə, Mehmanın ədalət carçısı kimi görünməyi təəccüblü deyil. Üstəlik, həmin laykerləri araşdırsaq görərik ki, onların heç yüzdə biri məlum dairənin seçiciləri siyahısında deyillər.

Etibar-Mehman qarşılaşmasında vətəndaşlar demokratiyanın verdiyi imkanlardan müsbət yöndə faydalanmağı bacardılar. Bəs eyni şərtlər daxilində seçicilər Mehmanı deputat seçsəydilər, nə baş verərdi? Bu məsələyə bir balaca izah verməyə çalışaq.

Aydın məsələdir ki, bütün cəmiyyətlərdə bu və ya digər formada xalq-dövlət cəbhələşməsi mövcud olur. Bunu tarixi təcrübə və sosial psixologiya da sübut edir. Xalq və dövlət - aralarında əbədi ziddiyyət olan iki əks qütblərdir. Demokratik idarəçilikdə vətəndaş cəmiyyəti institutları, ictimai təşkilatlar, əslində, bu ziddiyyəti yumşaltmaqdan ötrü, daha dəqiq desək, iki qüvvə arasında balans yaratmaq məqsədi ilə meydana çıxır. Həmin ictimai təşkilatların ən güclüsü, ən nüfuzlusu ölkə parlamentidir. Parlament xalqın iradəsini tam şəkildə əks etdirməklə yanaşı, həm də dövlətlə xalq arasında körpü rolunu oynayır, yəni, bir növ tənzimedici funksiya daşıyır. Ona görə də, parlamentli respublika demokratik idarəetmənin ən böyük təzahürü sayılır.

İndi gəldik qırmızı nöqtəyə! Demokratiyanın ən böyük qüsuru bu situasiyada qabarır: çoxluğun azlıq üzərində hakimiyyəti. İlk baxışdan ədalətli görünsə də, incələyəndə bu üsuli-idarənin özü ilə çoxlu problemlər gətirdiyini görürük. Ortaya sual çıxır: Bəs çoxluq yanlış yaparsa? Məsələn, Bayram Nurlunun səhifəsində yatıb-duran camaat, dindirəndə ona ölüm hökmü tələb edirsə? Çoxluq namus cinayətlərinə, məişət zorakılığına haqq qazandırırsa? Vəzifəyə xalqa xidmət yeri yox, yeyib-dağıtmaq obyekti kimi baxırsa? Çoxluğu təşkil edən bu təfəkkür daşıyıcılarının idarə etdiyi ölkənin halını düşünə bilirsinizmi? Bax, bu problemlərə görə demokratik ölkələrin özləri belə, demokratiyanın ən təhlükəli növü olan populist, xalqçı demokratiyadan imtina edirlər.

Yaxud, başqa bir misal. Demokratik qanunlarla idarə olunan min nəfərlik bir toplum düşünək. Həmin toplumda valideynlərin azyaşlı qız övladlarını məcburi qaydada evləndirmək hüququ referenduma çıxarılır. Min nəfərdən deyək ki, yeddi yüzü bu qərarın lehinə səs verir və qanun qəbul edilir. Bu halda prosesin özü demokratik olsa da, çoxluğun iradəsi demokratiyanın ziddinədir. Belə ki, əksəriyyət demokratiyadan istifadə edərək, insan hüquqlarının pozulmasına, yəni, antidemokratiyaya səs verir. Qısası, hazırlıqsız cəmiyyətdə populist demokratiya təcrübəsinin çox ağrılı nəticələr verməsi qaçılmazdır.

Ona görə də, Mehman başda olmaqla, bütün həvəskar siyasətçilər bilməlidir: Milli Məclis məzhəkə, lağlağı, subyektiv mühazirə yeri deyil. Başına əleyhiqaz keçirib dövlət idarəsinin qarşısında hoqqabazlıq etməklə, hansısa problemin həllinə nail ola bilməzsən, bununla uzağı, aşağı zövqlü kütləni əyləndirə bilərsən. Məzhəkə ilə problem həll olunsaydı, “Bu şəhərdə”ki Rafaellə Coşqun Ədliyyə nazirliyi olardı.
Con Kennedi necə deyirdi? “Demokratik idarəetmədə bir seçicinin cahilliyi bütün xalq üçün təhlükədir”.



Teqlər:





Xəbər lenti