“Koçaryan 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı” - Səməd Seyidov

   “Koçaryan 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı” -    Səməd Seyidov
  24 Aprel 2020    Oxunub:2600
“Qarabağ Azərbaycandır və nida işarəsi. Bu, sadəcə sözlər deyil. Bu, bir fəlsəfədir, azərbaycançılıq mövqeyidir”.

Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, Ermənistanın Xarici İşlər nazirinin son bəyanatı sonuncu təxribat deyil: “Həmişə Ermənistan əlindən gələni edib ki, status-kvo qalsın. Ermənilər prezidentlərini belə devirib, parlamentlərini güllələyib, insanlığa qarış bütün cinayətləri ediblər ki, təki işğal olunmuş torpaqları saxlasınlar, status-kvo dəyişməsin. Bu da baş tutmayanda danışıqlardan qaçıblar. Parisdə Koçaryan danışıqlarda 5 dəqiqə fasilə istəyib, təyyarəyə minib qaçmışdı. Təəssüf ki, bu gün Paşinyan həmin cinayətkar siyasəti başqa yolla davam etdirir”.

S.Seyidov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz seçkilər dünyada tanınmayıb:

“Azərbaycanın mərhələli həll yolu prinsipi qəbul ediləndən sonra Ermənistan danışıqları pozmağa çalışdı. Biz ATƏT-in Minsk Qrupunu bununla bağlı münasibət bildirməyə çağırırıq. Azərbaycan güclü, dünyada qəbul edilən ölkədir. Prezident öz mövqeyini bəyan edib ki, Qarabağ Azərbaycandır, yəni Azərbaycanın ərazi bütövlüyü müzakirə oluna bilməz”.

Sonda S.Seyidov Xarci İşlər Nazirliyinin nümayədələrinin dəvət edilərək komitələrdə iclasların keçirilməsini təklif edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti