Tibb Universitetinin 90 illiyi qeyd ediləcək

Tibb Universitetinin 90 illiyi qeyd ediləcək
  14 May 2020    Oxunub:3858
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Səhiyyə Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilir ki, 2020-ci ildə respublikanın ilk ali tibb təhsili ocağının – Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur.

Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirib, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynayıb. Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirə layiqdir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam  





Xəbər lenti