“İnsan alverinə qarşı mübarizə daimi xarakter daşıyır” - Kamal Cəfərov

  19 May 2020    Oxunub : 2985
 “İnsan alverinə qarşı mübarizə daimi xarakter daşıyır” - Kamal Cəfərov
“Hazırda ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində bütün mexanizmlər mövcuddur. Bu sahədə ölkə başçısının sərəncamları ilə qəbul edilmiş MFP, beynəlxalq standartlara cavab verən qanunvericilik bazası, insan alverinə qarşı mübarizə idarəsinin fəaliyyəti insan alveri ilə səmərəli mübarizəyə imkan verir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, 2019-cu ildə insan alverinə qarşı effektiv mübarizə üçün qanunvericilik, preventiv və cəza tədbirləri davam etdirilib.

“2019-cu ildə Miqrasiya Məcəlləsinə dəyişiklik edilib, insan alverindən zərər çəkmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət rüsumu ödəmədən ölkədə müvəqqəti yaşamaq hüququ verilib, həmin şəxslərin üzrəindən ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq öhdəliyi götürülüb. Bu cinayətdən zərərçəkən şəxslərə reinteqrasiya dövründən ödənilən müavinətin məbləği 400 manatdan 700 manata artırılb. Bununla yanaşı, Azərbaycan Hökumət insan alverinə qarşı mübarizə mühüm beynəlxalq sənəd olan Lanzarot Konvensiyasının ratifikasiya edib. Aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlıq çərçivəsində bütün hədəf qruplarını üçün keçirilmiş geniş maarifləndirmə tədbirlərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, onların fəaliyyəti müxtəlif formatlarda dəstəklənməlidir. Ötən illə müqayisədə nisbətən çox, ümumilikdə 186 insan alveri cinayəti qeydə alınıb, 27 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu pozitiv indikator isə İnsan alverinə qarşı mübarizə Baş idarəsinin fəaliyyətinin səmərələliyini göstərir. Sözsüz ki, insan alverinə qarşı mübarizə daimi xarakter daşıyır, bizə təqdim edilmiş hesabatda insan alverinə qarşı mübarizə idarəsi tərəfindən müəyyən edilmiş hədəflər, əminəm ki, bu sahədə qətiyyətli mübarizəni təmin edəcək”, - deyə deputat çıxışında qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: KamalCəfərov