“Onlar fəraridirlər, satqındırlar, xaindirlər” - Prezident

  25 İyun 2020    Oxunub : 4287
   “Onlar fəraridirlər, satqındırlar, xaindirlər” -    Prezident
"Özünü müxalifət adlandıran bu antimilli şura sevinir ki, neftin qiyməti 14 dollara düşüb".
Azvision.az -ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında bildirib.

Dövlət başçısı deyib ki, işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir: "Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər.

Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev