“Sərt karantin tətbiq olunmasaydı, yoluxma daha da artardı” - TƏBİB rəsmisi

   “Sərt karantin tətbiq olunmasaydı, yoluxma daha da artardı” -    TƏBİB rəsmisi
  01 İyul 2020    Oxunub:3510
Hazırda çətin pandemiya günlərini yaşayırıq. Yoluxma sayı xeyli artıb. Virusa yoluxma hallarını azaltmaq üçün bəzi ərazilərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Lakin yoluxma halları davam edir. Sərt karantin rejimi bir həftədən çoxdur başlayıb. İnkubasiya dövrünü nəzərə alsaq, daha əvvəlki yoluxma hallarının olması səbəbindən rəqəmlərdə davamlı artım müşahidə edilir. Yəni, gündəlik yoluxma faktı 500-dən çoxdur. Əminliklə demək olar ki, əgər sərt karantin rejimi tətbiq olunmasaydı, bu rəqəmlər daha da artmağa doğru gedə bilərdi. Ümumilikdə isə, ölkəmizdəki mövcud sanitar-epidemioloji vəziyyətin stabil olduğunu demək olar.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, gündəlik 500-dən yuxarı yoluxma faktı ölkəmiz üçün minimal göstərici deyil: “Hər gün qeydə alınan yoluxma faktları çox olsa da, bu, sadəcə, test nəticəsi pozitiv olan xəstələrin göstəricisidir. O qədər gec dönəmdə həkimə müraciət edən, kompüter tomoqrafiyası və klinik əlamətlərinə görə koronavirus diaqnozu qoyulan insanlar var ki, onlarda test nəticəsi neqativdir. Test nəticəsi istər pozitiv, istərsə də neqativ olanların ailə üzvlərini və təmasda olduqları digər insanları yoluxdurma ehtimalı realdır. Bu səbəbdən karantin rejiminin davam etməsinə baxmayaraq, yoluxma halları da qeydə alınacaq. Yoluxma hallarının 500-dən çox olması, əlavə xəstəxanaların açılması, digər xəstəxanaların da koronaviruslu xəstələrin müalicəsi üçün cəlb edilməsi ilə hələ ki, vəziyyəti nəzarət altında saxlaya bilirik. Karantin rejiminin nə qədər davam edəcəyi bu nəzarətin hansı səviyyədə olmasından asılıdır. Nəzarət əlimizdə olarsa, ona uyğun olaraq karantin rejiminin müddəti dəyişdirilə bilər”.

Vasif Əliyev AzərTAc-a bildirib ki, karantin rejiminin sərtləşdirilməsi heç bir dövlətə, onun iqtisadiyyatına, heç bir həkimə sərf etmir. Burada önəmli olan xəstəlik sayını azaltmaqdır: “Karantin rejiminin müddətinin uzadılması, əslində, insanların sağlamlığının qorunmasına yönəlib. Xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxma hallarının azaldılması lazımdır. Karantin rejimi sərtləşdirilməsə, yoluxma halları davam edəcək. İqtisadiyyatı sırf turizmlə bağlı olan ölkələr bəlkə də yumşaldılmalara doğru gedə bilərlər. Ancaq müşahidələrə görə bir sıra ölkələrdə karantin rejiminin yumşaldılmasına qərar verildikdən sonra yoluxma sayı yenidən artmağa başlayıb. Bu, qlobal bəlanın qarşısını almaq üçün ya peyvənd olmalıdır, ya da insanlar təbii yolla yoluxmalıdırlar. Sadəcə, burada önəmli olan vəziyyətin nəzarət altında saxlanılmasıdır. Virusa qarşı peyvəndin nə zaman hazır olacağına dair hər hansı bir dəqiq məlumat yoxdur. Peyvənd ilin sonuna kimi və ya gələn il hazır ola bilər. Heç hazır olmaya da bilər. Hazırlanan peyvəndin nə qədər güvənli olub-olmadığı da hələ bəlli deyil. Bununla bağlı işlər gedir, ancaq hazırkı vəziyyət təbii yolla yoluxmadır. Lakin eyni vaxtda xeyli insanın yoluxmaması, xəstəxanaların dolmaması, vəziyyətin kritik həddə çatmaması üçün vəziyyəti nəzarətdə saxlamaq lazımdır. Ona görə də ara-sıra belə sərt karantin rejimlərinin tətbiqi labüddür. Ümumilikdə, toplumun, cəmiyyətin 60-70 faizinin yoluxmadığı müddətdə bu pandemiyanın qarşısını almaq qeyri-mümkündür”.

Azvision.az


Teqlər: VasifƏliyev  





Xəbər lenti