“Yeganə çıxış yolu karantin və izolyasiyadır” - Partiya sədri

  06 İyul 2020    Oxunub : 2944
 “Yeganə çıxış yolu karantin və izolyasiyadır” -  Partiya sədri
Koronavirus pandemiyasının ölkəmizdə qarşısını almaq üçün yeganə çıxış yolu karantin və izolyasiyadır. Məsuliyyətli davranış, sosial məsafəni saxlamaq, qoruyucu tibbi maskalardan istifadə etmək zəruridir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş mütləq özünü, yaxınlarını qorumaq üçün bu qaydalara əməl etməlidir.

“Təəssüf ki, ictimai nəqliyyatda və marketlərdə qaydalara əməl edilmir. Mediadan da izləyirik ki, hətta xəstə adamlar marketlərə gedir və infeksiyanı yayır. Belə hallar təbii olaraq vəziyyəti daha da ağırlaşdırır. Bunun üçün hökümət yenidən sərt karantin rejimini tətbiq etməyə məcbur oldu. Hazırda Azərbaycanda karantin rejiminin uzanmasının səbəbi odur ki, zəncirvari yoluxmanı qırmaq mümkün olsun. Yeganə yol evdə qalmaq, özünü qorumaqdır”.

A.Mollazadə qeyd edib ki, bu dövrdə səhiyyə sisteminin üzərinə böyük yük düşür: “Ön cəbhədə olan həkimlərimiz, polis işçilərimiz təhlükəli şəraitdə işləyir. Virusa yoluxanlar arasında təcrübəli həkim və polis rəisləri də var. Diqqətli və məsuliyyətli olmalıyıq. Vətəndaşın məsuliyyəti birinci növbədə onun öz həyatını, yaxınlarının həyatını qorumağa yönəlməlidir. Pandemiyanın qarşısını almaq üçün başqa yol yoxdur”.

Deputat dövlət tərəfindən həyata keçirilən sosial layihələri, vətəndaşlara maliyyə dəstəyinin verilməsini müsbət qiymətləndirib.

“Bunlar vətəndaşların sosial təminatının yaxşılaşdırılması üçün atılan addımlardır. Bunlar müsbət haldır. Bildiyimiz kimi, bəzi sahələrdə ağır vəziyyətə düşən iş adamlarının müdafiəsi üçün müvafiq qərarlar verilib”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Deputat   Karantin   Koronavirus