Kubalı həkim: “Azərbaycan hökuməti və xalqının nə qədər ehtiyacı olacaqsa, burada qalmağa hazırıq” - MÜSAHİBƏ

  Kubalı həkim:  “Azərbaycan hökuməti və xalqının nə qədər ehtiyacı olacaqsa, burada qalmağa hazırıq” -  MÜSAHİBƏ
  25 İyul 2020    Oxunub:51359
“Azərbaycanda səhiyyə sistemi kifayət qədər struktur formada təşkil olunub, ölkədə çox yüksək səviyyəli, peşəkar həkimlər çalışır”

Xəbər verdiyimiz kimi, iyulun 13-də koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar 115 həkimdən ibarət tibbi heyət Kubadan Azərbaycana gəlib.

Kubalı həkimlər briqadasının rəhbəri Dalsy Torres Avila Azvision.az-a eksklüziv müsahibə verərək Azərbaycandakı mövcud epidemioloji vəziyyət, ölümcül virusla mübarizə tədbirləri və görüləcək işlərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:

-Əvvəlcə özünüz və rəhbərlik etdiyiniz həkim briqadası barədə məlumat verməyinizi xahiş edirik.

- Mən daxili xəstəliklər üzrə mütəxəssis, həmçinin intensiv terapiya üzrə həkiməm. 26 ildir ki, bu sahədə çalışıram. Eyni zamanda idarəçilik sistemində fəaliyyət göstərirəm. Həkim briqadası “Henry Reeve” adını daşıyır. Bu briqada əsasən fəlakətlər və ya ağır epidemiyalar olan yerlərdə həkimlərin xüsusi şəraitdə fəaliyyət göstərməsi üçün Fidel Kastro tərəfindən yaradılıb. Həkim briqadasının yaradılması 1962-ci ilə təsadüf edir və onda daxildə katrina uraqanı ilə mübarizə başlamışdı. Lakin beynəlxalq səviyyəyə çıxmağımız Əlcəzairdə baş verən zəlzələdən sonra olub. Bundan əlavə, bir çox ölkələrdə baş verən təbii fəlakətlər, o cümlədən, zəlzələlər, epidemiyalar, tropik siklonlar zamanı briqadamız insanlara kömək edib. Briqadamız ən çox Afrikada ebolanın yayılması zamanı tanındı.

Hazırda kontingentimiz koronavirusla mübarizəyə fokuslanıb. Kontingent ümumilikdə 44 briqadadan ibarətdir, artıq 32 ölkədə fəaliyyət göstəririk. Virus pandemiyaya çevrildikdən və Azərbaycanda geniş yayıldıqdan sonra, ölkənin səlahiyyətli şəxsləri briqadamızın burada gəlib virusla mübarizə aparması üçün Kuba tərəfinə müraciət etdi. Bizim işimiz həm xəstələrə, həm də tibb personalına metodoloji kömək göstərməkdir. Briqadamız 115 peşəkardan ibarətdir. Onlar bu sahədə çox geniş təcrübəyə malikdirlər. Hamısı yüksək səviyyəli peşəkardır.

Həkim briqadasının 60 faizdən çoxunu qadınlar təşkil edir və tərkibdəki həkimlərin 40 faizdən çoxu artıq əvvəlki missiyalarda fəaliyyət göstəriblər. Qrupda daxili xəstəliklər üzrə peşəkar həkimlər, infeksionistlər, kardioloqlar, nevroloq, lor həkimi, intensiv terapiya ilə məşğul olan həkimlər, fizioterapevt, reablitasiya üzrə mütəxəssis, texniklər, biomühəndislər, rentgen, gigiyena və epidemialogiya üzrə mütəxəssislər var. Beləliklə, hamımız birlikdə briqadanın işini yüksək səviyyədə həyata keçiririk.

- Həkim qrupunda təkcə epidemioloqlar deyil, müxtəlif sahə üzrə mütəxəssislərin olduğunu dediniz. Onların hamısına virusla mübarizədə ehtiyac yaranır?

- Briqadanın tərkibində olan hər bir şəxs koronavirusa qarşı mübarizədə çox yüksək təlim keçmiş insanlardır. SARS virusunun yaratdığı COVID-19 xəstəliyi insanın sistematik cəhətdən bütün orqanizminə təsir göstərir. Ona görə də briqadanın tərkibində çox yaxşı mütəxəssislər var ki, onlar orqanizmə koronavirusun göstərəcəyi istənilən təsirlə mübarizə aparmaqda kömək edir. Xəstəliklə mübarizə çoxşaxəli aparılmalıdır və mübarizədə daxili xəstəliklər, gigiyena, epidemiologiya üzrə həkimlər, infeksionistlər, intensiv terapiya üzrə həkimlər daha çox tələb olunur. Amma bu xəstəliyin orqanizmə verdiyi əks təsir nəticəsində bizə kardioloq da, nevroloq da, hətta fizioterapevt və reabitoloq da lazım olur. Ona görə geniş sahəli briqada təşkil etmişik ki, istənilən halda lazımi cavab verə bilək.

- Azərbaycanda koronavirusla bağlı vəziyyəti və aparılan mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan müvafiq orqanlarından COVID-19-la bağlı ilk məlumatı alanda və biz bura gələndə başa düşdük ki, ölkənin epidemiyaya qarşı tədbirlər planı çox düzgün həyata keçirilib və bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qoyduğu plana uyğun aparılıb.

Ümumiyyətlə, bütün ölkələrin problemi ondan ibarətdir ki, əhali arasında xəstəliyin gətirə biləcəyi müəyyən risklər nəzərə alınmır və insanlar xəstəliyin qarşısının alınması üçün müəyyən tədbirlərə əməl etməlidirlər. Təəssüf ki, insanlar risk faktorlarını nəzərə almırlar, ona görə də xəstəliyin yayılmasının qarşısını almaq çətinlik yaradır.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda səhiyyə sistemi kifayət qədər struktur formada təşkil olunub və ölkədə çox yüksək səviyyəli, virusla mübarizədə peşəkarlar çalışır. Yenə də deyim ki, əsas problem əhalinin tədbirlərə riayət etməsidir. Bu, hələ də kifayət qədər deyil, ona görə xəstəliyin yayılmasını önləmək hələ mümkün olmur. Bu tədbirlər sosial məsafəyə riayət etmək, maska taxmaq, əllərin tez-tez yuyulması kimi gigiyenaya fikir verməkdən ibarətdir. Bir də xəstəliyin hər hansı simptomu yaranan kimi vaxt itirmədən xəstəxanalara müraciət etməklə bağlı əhali arasında maarifləndirmə aparılmalıdır. Əgər bunlar yerinə yetirilməsə, xəstəliyin qarşısının alınmasına nail ola bilməyəcəyik, səhiyyə sistemi çox yüklənəcək. Bu, dəqiqliklə yerinə yetirilməlidir.

Çox gözəl təşkil olunmuş səhiyyə sistemi olsa da, o yüklənəndə artıq lazımi səviyyədə idarə edə bilməyəcək və xoşagəlməz nəticələrlə üzləşəcək.

- Hazırda virusdan qorunmaq üçün sizin də dediyiniz kimi, bütün dünyada maska, sosial məsafə və gigiyenaya əməl etmək tələb olunur. Amma bütün qaydalara tələb edənlər də virusa yoluxur. Qorunmaq üçün başqa nələrsə tələb olunur?

- Əsas görüləsi tədbirlər bunlardır. Azərbaycanda insanların immun sistemi o qədər güclüdür ki, onlar bunu yüngül keçirirlər, bəzi hallarda ümumiyyətlə simptomları olmur.

Təəssüf ki, həmin insanlar heç br simptom olmadığına görə çölə çıxıb, immun sistemi zəif olanları yoluxdururlar. İmmun sistemi zəif olanlar ağır vəziyyətə düşürlər, hətta reanimasiyaya yerləşdirilir. Belə xəstələrlə mübarizə çətin olur. Ona görə də bütün bu tədbirlərin yerinə yetirilməsi vacib şərtdir ki, xəstəliyin ötürülməsini dayandıra bilək.

- Həkim briqadası hansı xəstəxanalarda fəaliyyət göstərir? Və xəstəliklə hansı fərqli üsullarla mübarizə aparırsınız?

- Hazırda 2 xəstəxanada - 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) və Gömrük hospitalında fəaliyyət göstəririk.

Müalicə üsuluna gəlincə, Azərbaycan həkimləri ÜST-in tətbiq etdiyi protokola uyğun fəaliyyət göstərirlər və bu protokol ümumilikdə bütün dünya üzrə eynidir. Bu, bizim də tətbiq etdiyimiz protokolla eynidir və xüsusi fərqlər yoxdur.

Ən böyük problem budur ki, Azərbaycanda xəstələr həkimə müraciət etməkdə gecikirlər. Onlar bu xəstəliyin ilk simptomlarını hiss etdikləri andan 5-7 gün sonra müraciət edirlər, bu da artıq gecikmiş haldır. Xəstələrin gec müraciət etməsi iki mənfi nəticəyə gətirib çıxarır - birincisi, onlar çox vaxt itirdiklərinə görə daha çox insanı yoluxdururlar. Yoluxdurma ilə yanaşı, gec başladığı üçün müalicəyə gec cavab verilir. Bununla da onların daha uzun müddət və intensiv müalicəyə ehtiyacları yaranır. Vaxtında etsələr, ağırlaşmalara gətirib çxarmayacaq. Kubada bizim uğur qazanmağımızın ən böyük səbəblərindən biri ilkin mərhələdə xəstəliklə mübarizə aparmağımızdır. Hər hansı yoluxmuş xəstəni axtarırıq. Testi müsbət olmasa belə, şübhə varsa, onu təcrid edirik və müşahidədə saxlayırıq. Ağırlaşma baş verərsə, dərhal yerində lazımi tədbirlər görə bilərik.

- İddia edirlər ki, bəzən testlərin cavabı doğru çıxmır. Kuba, eləcə də başqa ölkələrdə anoloji hal qeydə alınıb?

- COVID-in üzə çıxarılmasında əsas üç məqam var - birinci epidemioloji, ikinci klinik, üçüncü laborator. Hərəsinin elementi müxtəlifdir. Epidemioloji odur ki, koronavirus xəstəsinin, yaxud şübhəlinin COVID xəstəsi ilə əlaqəsi olubmu, bunu üzə çıxarmaq lazımdır. Bundan sonra biz onun kliniki göstəricilərinə baxırıq, hər hansı bir simptomu varsa, onu nəzərə alırıq. Üçüncüsü, laborator - real vaxt çərçivəsində həyata keçirilən PCR testidir ki, artıq orda nəticə göstərir. Problem ondan ibarətdir ki, PCR testi xəstəliyin simptomunu göstərir, 3-cü günündə həyata keçirilir. Bəzi ölkələrdə 24 saat ərzində aparılır. Bəzən ola bilər ki, həmin laboratoriyada keçirilmiş test nəticəsi düzgün olmasın, bu, o demək deyil ki, neqativ olsa da, həmin xəstə neqativdir. Ola bilsin ki, o, hələ inkişaf dövründədir.

Azərbaycanda PCR-la bağlı peşəkarlar fəaliyyət göstərir, yüksək səviyyəli laboratoriya var. Əsas problem budur ki, şübhələndiyimiz xəstələrdə hər üç məqamı bir yerdə həyata keçirək. Laboratorda testin nəticəsi mənfi olsun, amma epidemioloji göstəricisində və ya klinik göstəricidə simptomları olsun. Ona görə xəstəni müşahidə altında saxlayırıq, lazım gəlsə, həmin testi bir də təkrarlayırıq ki, diaqnoz qoya bilək.

- Kuba demək olar ki, virusa qalib gəlib. Buna necə nail oldunuz?

- Biz virus elan ediləndən sonra yanvar ayında mübarizə planı hazırladıq. Planın əsasını xəstəliyin qarşısının alınması və nəzarətə götürülməsi təşkil edirdi. ÜST-ün tövsiyələrini yaxından izləyirdik. Martda ilk 3 yoluxma qeydə aldıq, artıq biz buna hazır idik. İnsanlar da maariflənmiş idi. Qalib gəlməyimizin əsas səbəbləri bunlardır. Logistika məsələlərini də daim diqqətdə saxlamışıq. Xəstəxanalara əlavə çarpayılar, süni nəfəs aparatları gətirmişik. Şübhələndiyimiz şəxsləri nəticəsinin neqativ və ya pozitiv olmasından asılı olmayaraq dərhal təcrid etdik. Mənim sadaladığım qaydaları yerinə yetirməyən ölkələrə nümunə kimi İtaliya və İspaniyanı göstərə bilərəm ki, orada sərt tədbirlər görülmədiyi üçün epidemiya çox yüksək həddə çatdı. Braziliyada da eyni hal yaşandı.

Bundan əlavə iki əsas məqamı qeyd etmək istərdim. Biofarmaseptik sənayesi bizdə çox geniş inkişaf edib və xəstəliyin müalicəsində tətbiq edilən 18 dərman preparatının 15-i Kuba istehsalıdır. Bunlar tək müalicədə deyil, həm də xəstəliyin qarşısını almaqda istifadə olunur. İmmun sistemini gücləndirir, yoluxma ehtimalını azaldır. İnterferon - alfa və beta dərmanlarından Çində də geniş istifadə olunub. Digər bir dərman var ki, yoluxmuş və ağırlaşmış xəstələrin yaxşılaşmasına kömək edir. Bu tədbirlər sayəsində 2400 yoluxan xəstədən yalnız 87 nəfəri itirmişik, qalan hamısı sağalıb.

Kubada hər min nəfərə 9 həkim düşür, bu da dünyada ən yüksək göstərici sayıla bilər. Bu da bizə imkan verir ki, briqadalar yaradıb, digər ölkələrə tibbi xidmətimizi göstərək. Qardaş ölkə olan Azərbaycan da onların içərisindədir.



- Azərbaycanda müalicə zamanı Kuba istehsalı olan dərmanlardan istifadə edirsiniz?

- Hər bir ölkənin dərman preparatlarının tətbiqi ilə bağlı onu tənzimləyən qurum var. Azərbaycanda da bu mövcuddur. Azərbaycanın səhiyyə orqanlarının xahişi ilə Bakıya Kuba istehsalı olan dərman nümunələri gətirmişik. Hələlik ilk koordinasiya addımlarını atırıq, əminəm ki, bu dərmanlar müalicədə istifadə edilsə, əsasən də ağır xəstələr üzərində, çox müsbət nəticələrə gətirib çıxaracaq.

- Virisun payızda yeni dalğasının olacağına dair proqnozlar var. Sizin proqnozunuz nədir, virus hansı müddətədək davam edə bilər?

- COVID-19 yeni bir xəstəlikdir, biz birlikdə bunu öyrənirik. İlk dəfə bu virus elan ediləndə tibb ictimaiyyəti nə edəcəyini bilmirdi, amma 6 ay ərzində çox şey öyrənmişik. Hələlik elə mərhələdəyik ki, onun necə inkişaf etdiyi barədə müəyyən məlumatımız var, amma səhiyyə ictimaiyyəti onu tam öyrənə bilməyib. Çünki biz bilmirik virus nə kimi dəyişikliklərə uğrayır, özünü necə aparacaq. Araşdırmalar aparılır. Bir çox ölkələrdə peyvənd hazırlamağa çalışırlar. Yeni dalğaya gəlincə, əslində bunu hansısa məqamla, payızla bağlamaq düzgün deyil. Bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda ilk dalğa uğurla bitəndən sonra əhali arasında sanki rahatlaşma baş verdi, lazımi qaydalara əməl etmədikləri üçün növbəti dalğa başladı. Həm Azərbaycanın, həm də digər ölkələrin əsas problemi budur ki, əhali arasında lazımi qaydalara əməl olunmur. Ona görə ikinci dalğanı hansısa fəsillə, vaxtla əlaqələndirə bilmərik.

- İndiki vaxtda rəqəmlər nəzərə alınsa, karantin yumşaldıla bilər? Bundan əlavə, çimərliklərin açılmasını məsləhət görürsünüz?

- Azərbaycanın öz fəaliyyət planı var. İndiki vəziyyətə baxanda gündəlik yoluxma getdikcə azalır. Lakin 10 milyon əhalisi olan Azərbaycan üçün 300-dən yuxarı yoluxma çoxdur. Bir daha qeyd etmək istəyirəm ki, epidemiyanın qarşısının alınması üçün sosial məsafə, maska, gigiyeniyaya əməl edilməsi, simptomlar hiss olunan kimi xəstəxanaya gedilməsi vacibdir, bunlar əsas elementlərdir.

Biz yeni bir həyat tərzinə uyğunlaşmalıyıq. Çimərliklərə gəlincə, söhbət onun açılması yox, sadaladığımız tədbirlərin yerinə yetirilməsindən gedir. Əgər çimərlik açılarsa, deyilən tədbirlərə əməl olunmasa, yoluxma artacaq.

- Həkim briqadası Azərbaycanda hansı müddətə qədər qalacaq və regionlara getməyi nəzərdə tutursunuzmu?

- Biz Azərbaycan hökuməti və xalqının nə qədər ehtiyacı olacaqsa, burada qalmağa hazırıq. Regionlara gəlincə, biz çox regionda fəaliyyət göstərmişik, zəlzələlər, fırtına, ebola, vəba ilə mübarizə aparmışıq. Azərbaycanlılar bizə arxalana bilərlər.

- Evdə müalicəni effektli hesab edirsinizmi, Kubada bu üsul tətbiq edilib?

- COVID-ə yoluxanların özünü müalicə etməsi və evdə müalicəsini dəstəkləmirik. Evdə qalmaqla başqalarını yoluxdururlar. Azərbaycanın indiki vəziyyəti, yoluxan insanların sayı imkan verir ki, hər bir şəxs xəstəxana şəraitində müalicə alsın. Gələcəkdə necə olacağını bilmirik. Epidemiya nəzarətə alınarsa, bizim hazırkı siyasətimiz budur ki, bütün yoluxmuş insanlar xəstəxanada müalicə alsınlar.

- Müsahibə üçün təşəkkür edirik.

- Mən Azərbaycan hökumətinə, xalqına təşəkkür edirəm, burada çox səmimi qarşılandıq, insanların münasibəti bizi çox sevindirir. Xəstəxanada hər kəs çox isti münasibət göstərir və bizə gəldiyimiz üçün təşəkkür edir. Bu, bizə çox müsbət enerji verir. Bir daha deyirəm ki, hökumətin və xalqın nə qədər ehtiyacı olsa, burada qalmağa hazırıq. Biz sizi yarı yolda qoymayacağıq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kuba   Həkim   Koronavirus  





Xəbər lenti